13 fevral 2012 18:37
“Bu, Azərbaycan futbolunun xeyrinə işləyəcək”
“Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov Premyer Liqanın 20-ci turunun “Sumqayıt”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb. O, öncə bunları dilə gətirib.
“Əlverişsiz hava şəraiti üzündən bir neçə gündü zalda məşq edirdik. Bu da istəniləni vermirdi. İndi isə artıq “Şəfa”da hazırlaşırıq. Uşaqlar bu oyuna çox ciddi kökləniblər. Hər birimiz bu oyundan qələbəylə ayrılmağı istəyirik. “Sumqayıt” heç də zəif rəqib deyil. Əgər rəqibi düzgün qiymətləndirməsək, sonradan bu, bizə baha başa gələ bilər. Özü də bu komanda sürprizləri xoşlayan komandadı. Biz isə belə bir sürprizlə qarşılaşmağı arzulamırıq. Odu ki, ciddi hazırlaşırıq”.
Premyer Liqanın 19-cu turunun təxirə salınmasına toxunan Əmircanov bunları söyləyib: “Biz öncədən “Bakı”yla oyuna hazırlaşırdıq. Amma qarlı hava səbəbindən o oyunumuz təxirə salındı. Deməzdim ki, bunun bizə hansısa zərəri var. Lakin bir faydası da olmadı. Futbolçular çempionat üçün darıxıblar. Başa düşürük ki, belə havada futbol oynamırlar. Hər halda Bakının bu soyuğuna alışmaq üçün də müəyyən vaxtımız oldu”.
Əmircanov komandasının Türkiyə toplanışını da dəyərləndirib: “Biz orda təxminən 25-26 gün qaldıq. Bildiyim qədərilə hələ belə uzun müddətli toplanışımız olmamışdı. Bütün uşaqlar məşqlərdə var gücü ilə çalışırdılar. Bu cür hazırlıq qarşıdakı oyunlarda öz bəhrəsini verməlidi. Türkiyədə təşkil olunan turnirə gəlincə, orda zəif komanda yox idi. Buna baxmayaraq, biz yaxşı oyun göstərməyi, nəticə qazanmağı bacardıq”.
“Ağ-qaralar”ın müdafiəçisi bu turnirdə daha çox Xarkov “Metallist”i ilə oyunun onun üçün yaddaqalan olduğunu deyir: “Metallist”ə qarşı oynamaq çox çətin idi. Fikrimcə, onlar bizi sürətdə üstələyirdilər. Deməzdim ki, digər rəqiblərimiz zəif idilər. Amma məhz xarkovlularla oyun çox çətin alındı”.
Braziliyalı müdafiəçi Alessandronun yoxluğunda Əmircanov start heyətdə daha çox görünür: “Alessandronun zədələnməsindən sonra mənim özümü sübut etmək imkanım oldu. Hesab edirəm ki, özümü yaxşı tərəfdən göstərə bildim. Braziliyalı artıq sıraya dönüb, komandayla birgə məşq edir. Amma bu, hələ mənim yenidən ehtiyatda qalacağım anlamına gəlmir. Mən yenə də özümü yaxşı tərəfdən göstərməyə, heyətə düşməyə çalışacağam. Heç vaxt rəqabətdən çəkinməmişəm”.
“Neftçi”nin arxa xətt oyunçusu legioner limitinin dəyişdirilməsinə də münasibətini açıqlayıb: “Fikrimcə, bu, bəzi klublara sərf etməyəcək, amma bütövlükdə, Azərbaycan futbolunun xeyrinə işləyəcək. Bizim futbolçuların özlərini göstərməsi, əsas heyətə düşməsi üçün əlavə şans yaranacaq. Belə olan halda yerli oyunçuların milliyə düşmək şansı da artacaq. Elə bizim də komandamızda belə şans gözləyən futbolçular çoxdu. Eyni zamanda limitin azaldılması yerli futbolçuları sakitləşdirməməlidi. Mümkündü ki, elə oyunçular da var. Amma şəxsən mən elə düşünmürəm və istənilən halda öz üzərimdə işləməyi daha vacib sayıram”.
