15 fevral 2012 11:21
“Bakının güclənməsi hamı kimi, bizim üçün də pisdi”
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Premyer Liqanın 20-ci turunun “Bakı” ilə oyunu öncəsi azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, şanslarından, eləcə də yeni transferlərdən danışıb. O, öncə bunları dilə gətirib:
“Toplanışımız necə lazım idi, elə də keçdi. Hazırıq prosesi zamanı bir neçə yoxlama matçı da keçirdik. Hər oyunda artırdığımız hiss olunurdu. İndi “Bakı” ilə oyuna hazırıq. Yaxşı oyun göstərəcəyimizə və 3 xal qazana biləcəyimizə ümid edirik”.
Medvedevin fikrincə, “zolaqlılar”ın həyata keçirdiyi çoxsaylı transferlər onların qələbə qazanmasına mane ola bilməz: “Əlbəttə, “Bakı”nın elə futbolçularla güclənməsi tək bizim üçün yox, digər rəqiblər üçün də yaxşı əlamət sayıla bilməz. Biz hələ onların nəyə qadir olduqlarını, necə oynadıqlarını da bilmirik. Amma bütün bunlara rəğmən, biz ilk növbədə öz oyunumuzu göstərməyə çalışmalıyıq. Öz oyunumuzu rəqibə də diqtə etdirməliyik. Digər tərəfdən “Bakı”nın yeniləri hələ yerli çempionat barədə o qədər də məlumatlı olmadığından, bu, bizim işimizi yüngülləşdirə də bilər. Onların uyğunlaşmasına hələ bir müddət vaxt lazımdı. Həm də bu oyun onlar debüt matçı olacaq. Bir sözlə hər şey mümkündü”.
“Bakı”nın Türkiyə toplanışı zamanı keçirdiyi altı yoxlama matçının hamısında uduzmasına da toxunan müdafiəçi bu amilin onları arxayınlaşdırmadığını bildirib: “Xeyr, bu, bizi qətiyyən arxayınlaşdırmır. Bizdə də olurdu ki, hansısa rəqibi heç cür məğlub edə bilmirdik. Amma əvəzində çempionatda əla nəticələr əldə edirdik. Odu ki, bu, göstərici sayıla bilməz. Özü də “Bakı” zəif rəqiblərlə qarşılaşmadı. Biz də öz rəqibimizi yaxşı tanıyırıq. “Qarabağ”la “Bakı” arasındakı oyunlar həmişə maraqlı alınır”.
Maksim komandasının yeni transferlərindən olan makedoniyalı yarımmüdafiəçi Muarem Muarem haqda da fikirlərini bölüşüb: “Düzünü deyim ki, mən bu futbolçu haqda xüsusi nəsə bilmirəm. Mən də onu eşitdiklərimə əsasən tanıyıram. Yeni oyunçumuz hələ komandaya tam uyğunlaşmayıb. O, hələ “Qarabağ”ın oyun üslubuna alışmalıdı. Fİkrimcə, bu, elə də çox vaxt aparmaz. Bizim komandaya uyğunlaşmaq o qədər də çətin deyil”.
Medvedev sonda yaxın dostu olan Vaqif Cavadovun yenidən “Qarabağ”a dönüşünə də toxunub: “Mən onun qayıdışına şadam. Vaqif formasının pik dövründə “Qarabağ”dan getmişdi. Amma təəssüf ki, ağır zədələr ona daha güclü çempionatlarda özünü göstərməyə imkan vermədi. “Volqa”da da görünür hazır kadrlara ehtiyac olduğundan, Vaqifin forma yığmasını gözləmədilər. Ona görə də Cavadovun komandamıza dönüşünü yaxşı variant hesab edirəm. Düşünürəm ki, onda alınacaq”.
