16 fevral 2012 14:50
“Bu il Azərbaycan üçün uğurlu ildi”
Xəbər verdiyimiz kimi, İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil-qərargahında bu il Azərbaycanda təşkil olunacaq U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı görüş keçirilib. Azerisport.az xəbər verir ki, FİFA əməkdaşları dünya çempionatının yerli tərəfdaşları – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xalq Bank və Bakcell şirkətinin nümayəndələri ilə görüşüb. Tədbirdə çempionatın yerli tərəfdaşlarına FİFA-nın sertifikatı təqdim olunub.
Tədbir iştirakçıları AFFA-nın saytına fikirlərini bildiriblər. SOCAR Enerji İsveçrə Ofisinin maliyyə direktoru Zaur Qəhrəmanov bunları söyləyib: “Bu il Azərbaycan üçün uğurlu ildi. Davosda keçirilən iqtisadi forumda ölkəmiz layiqincə təmsil olundu. Artıq qısa müddətdən sonra Bakıda “Eurovision” musiqi yarışması keçiriləcək. Sentyabrda isə FİFA U-17 qadınlararası dünya çempionatı start götürəcək. Bütün bu tədbirlər, həmçinin dünya çempionatının təşkili ölkəmizin iqtisadi və idman potensialının göstəricisidi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünya çempionatının müvəffəqiyyətlə keçməsi və ümumiyyətlə, ölkəmizdə qadın futbolunun inkişafı üçün hərtərəfli dəstəyini əsirgəməyəcək”.
