16 fevral 2012 15:18
FİFA rəsmisi: İnanırıq ki, Azərbaycan 2012 yüksək səviyyədə keçiriləcək
Xəbər verdiyimiz kimi, İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil-qərargahında bu il Azərbaycanda təşkil olunacaq U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı görüş keçirilib. Azerisport.az xəbər verir ki, FİFA əməkdaşları dünya çempionatının yerli tərəfdaşları – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xalq Bank və Bakcell şirkətinin nümayəndələri ilə görüşüb. Tədbirdə çempionatın yerli tərəfdaşlarına FİFA-nın sertifikatı təqdim olunub.
Tədbir iştirakçıları AFFA-nın saytına fikirlərini bildiriblər. FİFA-nın Qadın Yarışları üzrə Departamentinin rəisi Tatyana Haenni bunları dilə gətirib:
“Bu gün Sürixdə, FIFA-nın baş qərargahında Azərbaycandan olan üç milli dəstəkçini görməkdən həqiqətən də məmnunluq duyuruq. Bu cür əhəmiyyətli tədbiri təşkil etdiyimizə və bu nümayəndələrlə görüşdüyümüzə görə sevinirik. FIFA olaraq bizim üçün çox ürəkaçan haldır ki, çempionata bir neçə ay qalmış artıq üç yerli tərəfdaş var. Onlar dünya çempionatının təbliğatı çərçivəsində aktiv şəkildə əməkdaşlıq edəcəyimizə söz verdilər və bu, bizi sevindirir. Təbii ki, işin əsas qismi Yerli Təşkilat Komitəsi və AFFA vasitəsilə həyata keçirilir. Amma yenə də bu şirkətlər tərəfindən bu cür dəstəyi hiss etmək onu göstərir ki, Azərbaycanda qarşıdan gələn dünya çempionatına çox böyük önəm verilir. FIFA olaraq biz ümumilikdə çempionata hazırlıqdan çox məmnunuq. Yerli Təşkilat Komitəsi çox həvəslə, var gücü ilə bu tədbirə hazırlaşır və hesabatlardan alınan müsbət rəy bizi sevindirir. Əminik ki, bu tədbir həm Azərbaycan, həm də futbolla məşğul olan qızlar üçün çox gözəl keçəcək və bu möhtəşəm yarışdan sonra daha çox qızlar, oğlanlar futbola cəlb olunacaq. Bir sözlə, inanırıq ki, Yerli Təşkilat Komitəsi və AFFA-nın birgə səyi sayəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 yüksək səviyyədə keçiriləcək”.
