17 fevral 2012 14:19
Qarabağ və Boyan Pavloviçdən quru seriya
"Qarabağ” Premyer Liqanın cari mövsümündə ardıcıl 5 oyun qol buraxmayan ilk komanda olub. Azerisport.az xəbər verir ki, 2011-ci il noyabrın 26-da 14-cü turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqdan sonra qapısından qol buraxmayan ağdamlılar 20-ci turun “Bakı” ilə qarşılaşmasında seriyasını 5-ə çatdırıb.
Serbiyalı qapıçı Boyan Pavloviçi sonuncu dəfə “Neftçi”nin braziliyalı legioneri Flavinyo məyus edib. Onun 83 gün əvvəlki matçın 88-ci dəqiqəsində vurduğu qoldan sonra serbiyalı qapıçı 452 dəqiqədi ki, qapısını toxunulmaz saxlayır.
Digər legioner qapıçı – “Qəbələ”nin latviyalı futbolçusu Pavel Doroşev də artıq 400 quru dəqiqə səddini arxada qoyub. O, sonuncu dəfə 15-ci turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la oyununda qapısından qol buraxmışdı. Həmin matçın 39-cu dəqiqəsində qol sevincini Samir Abasov yaşamışdı. “Sumqayıt”la oyundan sonra 4 matçda qapısını toxunulmaz saxlayan Doroşev “Simurq”la səfər oyununda quru seriyanı 411 dəqiqəyə çatdırdı.
Xatırladaq ki, qapıçılar Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan siyahıya düşmək üçün 660 dəqiqəlik seriyaya malik olmalıdırlar.
