17 fevral 2012 15:08
Qus Hiddink Anjinin baş məşqçisi təyin olundu
Hollandiyalı mütəxəssis Qus Hiddink Rusiyanın “Anji” futbol klubuna baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir, 66 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə bağlanılıb.
Onun təyinatı barədə yaxın 24 saat ərzində rəsmi açıqlama veriləcək. Hiddink “Anji”yə Türkiyədəki təlim-məşq toplanışında qoşulacaq. Təcrübəli mütəxəssisin “Anji”dəki köməkçiləri “Utrext”in sabiq baş məşqçisi Ton dyu Şatinyo ilə əvvəllər Yaponiyada çalışmış Jelko Petroviç olacaq.
Qeyd edək ki, Qus Hiddinkin son iş yeri Türkiyə yığması olub. O, 2011-ci ilin noyabrında tutduğu postdan kənarlaşdırılıb. Səbəb kimi “ay-ulduzlular”ın 2012-ci il Avropa çempionatına yüksələ bilməməsi göstərilib. Hiddink 2006 – 2010-cu illərdə Rusiya millisində də çalışıb və komandaya 2008-ci il Avropa çempionatının bürünc medallarını qazandırıb.
