17 fevral 2012 18:07
Türkiyəli məşqçi 26 illik karyerası ərzində 26-cı dəfə baş məşqçi təyin olundu
Türkiyənin tanınmış futbol mütəxəssisi Yılmaz Vural 26 illik karyerası ərzində 26-cı dəfə baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Bank Asiya Birinci Liqasında mübarizə aparan “Sakaryaspor”la müqavilə bağlayıb.
Anlaşma müddəti mövsümün sonunadək nəzərdə tutulub. Onun fəaliyyəti rəhbərliyi qane etsə, növbəti mövsümdə də baş məşqçi postunda qalacaq. Vuralın əsas işi hazırda 18 komanda arasında 16-cı pillədə olan “Sakaryaspor”u liqada saxlamaqdan ibarət olacaq.
Qeyd edək ki, Yılmaz Vural yalnız Türkiyənin 3 nəhəng klubu “Galatasaray”, “Fenerbahçe” və “Beşiktaş”da baş məşqçi ola bilməyib. O, karyerasında ilk dəfə “Sakaryaspor”da çalışacaq. Əvvəllər Vural 3 dəfə “Bursaspor”, 2 dəfə “Antalyaspor”, 2 dəfə “Adanaspor”, 2 dəfə “Konyaspor” və hərəyə 1 dəfə “Malatyaspor”, “Samsunspor”, “Karşıyaka”, “Gaziantepspor”, “Eskişehirspor”, “Sarıyer”, “Trabzonspor”, “Genclerbirliği”, “Çanakkale Dardanelspor”, “Dənizlispor”, “Diyarbəkirspor”, “Çaykur Rizespor”, “Ankaragücü”, “Manisaspor”, “Kocaelispor” və “Kasımpaşa” komandalarına rəhbərlik edib.
Sonda maraq üçün onu da qeyd edək ki, İngiltərənin "Manchester United" klubunun baş məşqçisi Ser Aleks Ferqyusson Vuralın məşqçilik fəaliyyətinə başladığı ildən (1986) etibarən "qırmızı şeytanlar"ın sükanı arxasında çalışır və bu gedişlə 26 ildən daha çox bir klubun sükanı arxasında çalışacağı istisna olunmur. Şotlandiyalı mütəxəssis "Manchester United"dən öncə 1974-1986-cı illər aralığında cəmi 4 dəfə iş yerini dəyişib.
