19 fevral 2012 12:26
Sergey Yuranın keçmiş bossuna 5 illik həbs cəzası
Avstriyanın “Sturm” klubunun sabiq prezidenti Hannes Kartniq 5 il azadlıqdan məhrum edilib. Azerisport.az xəbər verir ki, buna onun maliyyə fırıldaqlarına yol verməsi səbəb olub.
Keçmiş futbol funksioneri həm də 6,6 milyon avro məbləğində cərimə ödəməlidi. Qeyd edək ki, Kartniq “Sturm”a 1992-2006-cı illər aralığında rəhbərlik edib. Onun məlum fırıldaqları nəticəsində Avstriya klubu 2002-ci ildə iflasa uğrayıb. Bu üzdən komandanın bütün aparıcı futbolçularının satılmasına qərar verilib. Qeyd edək ki, həmin dövrdə (1999-2001) hazırda “Simurq”u çalışdıran Sergey Yuran da bu komandanın şərəfini qoruyub.
2007-ci ildə isə Kartniq həbs olunub və onun dövründə klubun 2,2 milyon avro pulunun yoxa çıxdığı müəyyənləşib. Buna baxmayaraq, “Sturm” sözügedən prezidentinin dövründə 2 dəfə Avstriya çempionu olub, həmçinin Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.
