20 fevral 2012 12:15
Könüllülük Proqramı Qış Məktəbində (FOTOLAR)
FIFA U-17 qadınlararası dünya çempionatı Yerli Təşkilat Komitəsinin üzvləri tərəfindən ali təhsil müəssisələri, QHT, səfirlik və digər qurumlarda təşkil olunan silsilə təqdimatların növbətisi Xızıda keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirdiyi Qış Liderlik Məktəbində iştirak edən ali məktəblərin 100-ə yaxın I və II kurs tələbəsinə dünya çempionatına ümumi hazırlıq çərçivəsində görülən tədbirlər haqda məlumat verilib, turnirin ölkəmiz üçün əhəmiyyəti ətrafında müzakirələr aparılıb və könüllülük proqramı təqdim edilib.
Gənclər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu və Azərbaycanda keçiriləcək çempionatın gedişatı barədə məlumatlandırılıblar. Daha sonra çempionatla bağlı kiçik müsabiqədə qalib gələn şəxslərə promo materiallar təqdim olunub.
Təqdimat zamanı gənclər dünya çempionatında onlar üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın səmərəsi, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı şəkildə məlumatlandırılıblar. Həmçinin, tələbələr AFFA-nın yenicə akkreditasiyadan keçdiyi Avropa Könüllülük Proqramı çərçivəsində 60 beynəlxalq könüllünün cəlb olunması barədə öyrəniblər.
Qarşılıqlı sual-cavab şəraitində keçən təqdimatda dünyata çempionatının talismanının iştirakı tədbiri daha da maraqlı edib.
