22 fevral 2012 11:42
Qarabağ və qapıçısı rekordunu yenilədi
“Qarabağ” Premyer Liqanın cari mövsümünün özünə aid olan rekordunu yeniləyib. Azerisport.az xəbər verir ki, 21-ci turun “Kəpəz”lə qarşılaşmasında da qol buraxmayan Ağdam təmsilçisi ardıcıl 6 oyun qol buraxmayan ilk komanda olub.
Komandanın serbiyalı qapıçısı Boyan Pavloviç sonuncu dəfə 2011-ci il noyabrın 26-da 14-cü turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqda öz qapısında qol görüb. Həmin görüşdə “Qarabağ”ın qapısına sonuncu qolu vuran Flavinyodan sonra heç kim Pavloviçi məyus edə bilmir. Braziliyalının matçın 88-ci dəqiqəsində vurduğu qoldan sonra serbiyalı artıq 542 dəqiqədi qapısını toxunulmaz saxlayır.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru seriyaları özündə əks etdirən siyahıya düşmək üçün Pavloviçin cəmi 112 dəqiqəsi çatmır. Çünki adıçəkilən siyahıya daxil olmaq üçün 660 quru dəqiqəyə malik olmaq zəruridi. Serbiyalı təsnifat mərhələsinin son 2 oyununda bu göstəriciyə nail olmağa yaxındı.
Artıq adı həmin siyahıda olan, lakin 2-ci dəfə seriyası ilə fərqlənmək iddiasında olan “Qəbələ”nin qapıçısı Pavel Doroşev isə “Xəzər Lənkəran”la matçda qapısında qol görüb. Bunadək sonuncu dəfə 15-ci turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la görüşündə qapısında qol görən latviyalını bu dəfə Rahid Əmirquliyev məyus edib. Ötən ilki matçın 39-cu dəqiqəsində Samir Abasov vurduğu qoldan Rahidin qolunadək Pavel 437 dəqiqə qapısından qol buraxmayıb.
Xatırladaq ki, 2010/11 mövsümündə imza atdığı 952 dəqiqəlik quru seriya ilə Doroşev dünya reytinqində 68-ci pillədədi.
