23 fevral 2012 13:48
Mirhüseyn Seyidov futbol ictimaiyyətindən üzr istədi
Mirhüseyn Seyidov "Neftçi" - "Rəvan" oyununda vurulmuş qoldan sonra etdiyi hərəkətə münasibət bildirib. Azerisport.az xəbər verir ki, buna görə 3 oyunluğa cəzalanan futbolçu klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Rəvan"la oyunumuz gərgin alındı. İlk dəqiqələrdən rəqibdən üstün oyun nümayiş etdirsək də qolu son dəqiqələrdə vura bildik. Təəssüf ki, vurduğumuz qolun sevincini yanlış tərzdə ifadə etdim. Bu sırf emosional gərginlik səbəbindən baş verdi. Bir daha demək istəyirəm ki, bu hərəkətimlə nə rəqib komandanı, azarkeşləri, ümumiyyətlə heç kimi təhqir etmək istəməmişəm. Belə niyyətim olmayıb. Təhqir etmək niyyətim olmasa belə etdiyim hərəkətin yanlış olduğunu anlayıram və bütün futbol ictimaiyyətinə üzrxahlığımı bildirirəm. Söz verirəm ki, bu hal bir daha təkrarlanmayacaq".
