24 fevral 2012 00:44
Qurban Qurbanov: Komandaya yeni oyunçular seçəcəyəm
Azerisport.az sizi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsabəsi ilə tanış edir.
- Vaqif Cavadov nə vaxt oynamağa başlayacaq? Onu “Qarabağ” formasında nə vaxt görəcəyik? Avrokuboklara getmə şansınız nə qədərdi?
- Hələ bilinmir. Ən pis halda 3 tur sonra çıxa biləcək. Avrokuboklara getmək üçün kifayət qədər şansımız var. Çempionluq üçünsə nəysə demək tezdi. Hələ çempionatın əsas oyunları qarşıdadı.
- Hesab etmirsinizmi ki, “Qarabağ”ın sürətli son cinah yarımmüdafiəçinə ehtiyacı var?
- Sol cinahda Adamiya yaxşı oynayır. Hər halda, Vaqifi də gətirmişik. Həm də Bəxtiyar da həmən mövqedə özünü son oyunlarda yaxşı göstərir..
- “Qarabağ”ın aşağı yaş qruplarına nəzarət edirsizmi? Gələcəkdə “Qarabağ”a kömək edə biləcək futbolcular yetişirmi?
- Bəli, diqqətimizdədi. Hətta məşqlərinə də gedib baxıram. “Qarabağ” bu məsələyə həsas yanaşır. Ötən il olduğu kimi bu ilin sonunda da yəqin ki, komandaya yeni oyunçular seçəcəyəm.
- Fərhad Vəliyev niyə ehtiyatdadı?
- Hər iki qapıçaya şans verməyə çalışırıq. Fərhad bir vaxt zədələndiyi üçün Boyan əsas heyətə düşdü və özünü müsbət tərəfdən göstərdiyi üçün yerini möhkəmləndirdi. Mən də onların arasında heç bir fərq qoymuram.
- Niyə görə “Qarabağ”ın qol şanslarını əldən verməyinə hələ də carə tapılmır?
- Hücum xətti qənaətbəxşdi. Digər işlər futbolçularımızın üzərinə düşür. Əsas odu ki, qol epizodlarını son oyunlarda yaxşı təşkil edə bilirik. Qalan problemlərimiz zamanla düzələcək. Futbolda olur, birdən alınmır. Ancaq hücümçularımız bacarıqlıdı.
- İndiki hücum xətti məncə çempionluq üçün yetərli deyil. Hücuma hər hansı bir transfer ola bilər?
- Xeyr. Transfer pəncərəsi bağlanıb. Biz Azərbaycanlı oyunçulara üstünlük veririk. Baxın, 3 ildi Raufun üzərində işləyirik, indi “Qarabağ”da, milli komanda da onun bəhrəsini görür. Legioner oyunçu gətirmək asan iş deyil. Biz Azərbaycan futboluna nə cür bəhrə verəcəyimizi düşünməliyik. Mən yenidən legioner gətirib, Raufu ehtiyata atsam, bu bizim ziyanımıza olar.
- Niyə “Qarabağ” Avroliqada oynadığı oyunu mili çempionatda göstərə bilmir?
- Bu sırf texniki məsələlərlə bağlıdı. Birincisi, biz həmin oyunlara yaxşı meydançalarda hazırlaşırıq. Oyunlarımız da yüksək səviyyəli stadionlarda baş tutur. Lakin çempionatdakı stadionlar bizim oyunumuzun sürətini aşağı salır. Bir də ki, xarici klublardan daha çox Azərbaycan klubları bizim oyun sistemimizi yaxşı bilir və oyuna daha planlı hazırlaşır.
- Düşünürsüzmü, legioner siyasətiniz uğursuzdu? Rubins, Devran, Nedzipi və s. Bunun səbəbi nədi? Oturmuş heyət, yoxsa, başqa səbəblər?
- Əksinə, Azərbaycanda ən uğurlu legioner siyasətini biz yürüdürük. Rubins zədə səbəbindən heyətdən kənar qaldı. Nedzipi çıxdığı oyunlar da özünü yaxşı göstərir. Devrana gəldikdə isə, bir il oynadı, qələbələrimizdə pay sahibi oldu. Sadəcə son anda müqaviləsini uzadası olmadıq. Yaş amilinə görə. Amma siz legioner dedikdə, bir də Admirə, Ansiyə, Boyana baxın.
- Niyə Vüqar Nadirov əsas heyətdə oynamır?
- Futbolçularda formada olub-olmama məsələsi var. Əfran son zamanlar yaxşı formadadı. Lakin biz Vüqardan da hər oyun istifadə edirik. Start heyətində çıxmasa da, Vüqar qızıl ehtiyatdı (gülür).
- Tural İsgəndərova çox az şans verirsiz. Səbəb?
- Bacıoğludu, ona görə (gülür).
- Hazırkı xal fərqi çempion olmağa imkan verir?
- Mümkünsüz heç nə yoxdu. Allah nəsib etsə, 15 xal fərqini də aradan qaldırmaq olar.
- Yaxın müddətdə “Qarabağ”ın heyətində öz yetirməsi olan yeni Əfranlar, Maksimlər, Rauflar görə biləcəyikmi? Ümümiyyətlə, aşağı yaş sektorunun perspektivləri barədə nə deyə bilərsiz?
- Yaxın 1-2 ilə gözlənilmir. Amma bu mütləq olacaq. Təbii ki, axtarışlar davam edir. Ancaq perspektivli oyunçu tapmaq da çətin məsələdi. Hələ bəzilərinin yetişməsini gözləyirik.
- Sizcə, yeni transfer Muare Roşanın getməsindən sonra mərkəzdəki boşluğu doldura biləcəkmi?
- Muarem bir az fərqli tipdə oyunçudu. Amma hər halda ondan gözlədiyimiz çox şey var. Biz ona inanıb gətirmişik. Yavaş-yavaş meydanda yer alacaq, özünü müsbət cəhətdən göstərəcək.
- “Sumqayıt” “Qarabağ”ı 2:1 udanda, 2-ci qolun sahibinə “Sən “Qarabağ”a gələrsən və yaxud da niyə icarəyə verdim” kimi fikirləşdiyiniz an oldu?
- Murad Səttarlı zatən “Qarabağ”ın oyuçusudu, nə vaxtsa qayıdacaq (Gülür).
- Qaranı “Banqa”yla oyunda dayaq yarımüdafiəçisi kimi oynatmağa başladınız. Namiqlə super oynadı. Düzdü hələ gəncdi. Bu qərarı super verdiniz .Qara məşqlərə başlayıbmı? Və qayıtdıqdan sonra cinahda, yoxsa, yenə də ortada oynadacaqsız?
- Qara məşqlərə başlayıb. Əvəzedicilərin heyətində 45 dəqiqə oynayıb. Zədəsi sağalır. Onu daha çox ortada oynatmağa çalışırıq. Düşünürəm ki, özünü belə daha yaxşı göstərir.
- Niyə görə “Qarabağ” bütün iddialı rəqibləri məğlub edə bildiyi halda, “Neftçi”yə hər dəfə məğlub olu? “Neftçi”nin “Qarabağ”a məğlubiyyətsizliyinin səbəbi nədi? Bəlkə, “Qarabag”da “Neftçi” oynamış çoxlu futbolçunun olması onlar üçün daha yaxşi bələd olmağa kömək edir?
- 2008-2010 arasında da 3 il müddətində məğlub olmamışıq. Həmin sualı da o vaxt “Neftçi”nin məşqçisinə verirdilər. Futbolda bəzən belə olur, hansısa komandanın bir komandayla oyununda şanssızlıqlar olur. Ancaq düşünmürəm ki, “Neftçi” futbolçulara görə “Qarabağ”a bələddi. Çünki “Neftçi” tez-tez məşqçi dəyişdiyinə görə yeni sistem gəlir və o məşqçi də öz fəlsəfəsini tətbiq edir.
İmarət
