27 fevral 2012 20:08
Nazim Süleymanov: Berti Foqts qərarını sonda verəcək
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Hindistanla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis komandamızın 3:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Sinqapurla ilk oyunda qələbəni əldən verməyimiz bizə pis təsir etmişdi. Buna görə də bu oyuna daha ciddi yanaşmağa borclu idik. Hindistan Sinqapurdan güclü deyil. Amma zəif də deyil. Futbol ciddiliyi xoşlayır. Oyunçularımız həqiqətən bu oyuna daha ciddi yanaşdılar və layiqli olaraq da qələbə qazandılar. 4-5-ci qolu da vura bilərdilər. Belə qələbələr həmişə komandaya, futbolçulara əlavə inam verir. Ümid edirəm ki, bunun davamı gələcək. Heyətdə yeni, cavan futbolçular da vardı. Onlar da özlərini yaxşı tərəfdən göstərdilər. İstənilən halda bu, bir yoxlama matçı idi. Qarşıdakı oyunda yenə heyətdə müxtəlif dəyişikliklər ediləcək. Hər bir futbolçu müxtəlif mövqelərdə yoxlanıla bilər. Berti Foqts yalnız sonda kimi harda oynatmaq lazım olduğuna qərar verəcək”.
