27 fevral 2012 20:31
Biçər: Azərbaycanla Hindistan yığmaları arasındakı fərq ortada idi
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər futbol üzrə Azərbaycan yığmasının bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Hindistanla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Foqtsun dəvəti ilə Dubaya gedən türkiyəli mütəxəssis komandamızın 3:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Öncə qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Çox yaxşı oyun oldu. Ən azından bizim üçün. 3 cavabsız qol vurduq. Hər halda güc fərqi ortada idi. Lakin ümidvaram ki, Berti Foqts bu oyundan istədiklərini ala bildi. Komandamın millidəki üzvlərinə gəlincə, bu gün yalnız Kamran Ağayevin oyununu izləyə bildim. Onun da 90 dəqiqə ərzində yalnız bir dəfə ciddi çətinliklə üzləşdiyini gördük. Rahid Əmirquliyevlə Branimir Subaşiç isə oynamadı. Rahidin zədəsi vardı. Heç futbolçularımızı məşqdə də yaxşı izləyə bilmədim”.
