27 fevral 2012 20:43
"Aqil Nəbiyev Hindistan ilə oyunda heç bir səhvə yol vermədi"
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev futbol üzrə Azərbaycan yığmasının bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Hindistanla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Foqtsun dəvəti ilə Dubaya gedən mütəxəssis komandamızın 3:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Əvvəla qazanılan qələbə münasibətilə hamını təbrik edirəm. Yoldaşlıq oyunu da olsa, heyətdə cavan uşaqların olması müsbət məqamlardan idi. Onlar sərgilədikləri oyunla doğru yolda olduqlarını göstərə bildilər. Düzdü, gənclərə bir-iki oyunla qiymət vermək olmaz. Amma onların gələcəkdə də yığmaya faydalı olacağını düşünürəm. AZAL-ın oyunçularına gəlincə, bu gün Aqil Nəbiyev start heyətində Rəşad Sadıqovla yanaşı müdafiənin mərkəzində oynadı. Heç bir səhvə yol vermədi. Oyunundan razı qaldım”.
