27 fevral 2012 00:28
Cüneyt Biçər: Milli komandaya Berti Foqts cavabdehdi
Futbol üzrə Azərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışını izləməyə gələnlər arasında olan “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər bu münasibətlə azerisport.az saytına fikirlərini açıqlayıb. Türkiyəli mütəxəssis saytımıza müsahibəsində öncə bunları dilə gətirib:
“Klubda belə qərar qəbul olundu ki, mən yığmanın toplanışına gəlim. Lakin bir oyunu izlədikdən sonra Lənkərana qayıtmalıyam. Çünki hazırda çempionatın qızğın vaxtıdı. Bu üzdən səfərimin komandanın hazırlığına mane olmamasını planlaşdırmışıq. Dubay səfərinin məqsədindən danışmağa dəyməz. Berti Foqts bu barədə öz müsahibəsində hər şeyi demişdi. Həmin müsahibəni mən də oxumuşdum”.
“Xəzər Lənkəran”ın çalışdırıcısı komandamızın Sinqapuru yenə bilməməsinə də toxunub: “Etiraf edim ki, Sinqapurla oyunu izləməmişəm. Bilirəm ki, görüş heç-heçə başa çatmışdı – 2:2. Həmin oyunu şərh etməyəcəm. Yığmaya Berti Foqts cavabdehdi. Mənim yığmanın oyununu şərh etməyim düzgün olmazdı. Digər tərəfdən də bu, adi bir yoldaşlıq oyunuydu”.
