28 fevral 2012 13:32
Berti Foqts: Onları cəzalandırmışam və məsələ qapanıb
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandamızın 5 futbolçusunu cəzalandırmasına dair daha bir açıqlama verib. Almaniyalı mütəxəssis azerisport.az saytına müsahibəsində bunları bildirib:
“Uşaqlar səhvə yol vermişdilər. Buna görə də mən onları cəzalandırdım. Həmin futbolçular kollektiv qarşısında üzr istədilər. Fikrimcə, bu məsələ artıq qapanıb”.
Qeyd edək ki, almaniyalı mütəxəssisin cəzalandırdığı futbolçular yığmanın milliləşdirilmiş əcnəbiləridi: Vladimir Levin (“İnter”), Branimir Subaşiç (“Xəzər Lənkəran”), Ufuk Budak (“Freiburg”, Almaniya), Aleksandr Çertoqanov (“Qəbələ”) və Andrey Popoviç (“Sumqayıt”). Foqts onların adını ötən gün keçirilən Hindistanla yoldaşlıq oyununun iştirak ərizəsinə də daxil etməyib. Buna sözügedən futbolçuların daxili nizam-intizamı pozması səbəb olub. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində əllərində siqaret və içki olan şəkilləri yayımlanan futbolçular yığmadan kənarda qalıblar.
