28 fevral 2012 00:16
Berti Foqts: Onları tərifləməyin
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Hindistanla yoxlama matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 3:0 hesablı qələbəsindən sonra o qədər də sevincli görünmürdü.
Matçdan sonra baş məşqçi ilk olaraq iki alman jurnalistlə söhbətləşdi. Yalnız həmkarlarımıza müsahibə verdikdən sonra almaniyalı mütəxəssis bizə də vaxt ayırdı.
Yığmamızın sükanı arxasında çalışdığı müddətdə qazandığı qələbələrin ona çatdığını eşidən Foqts buna belə reaksiya verdi: “Super! Belə qələbələrimizin sayı çox olsa, daha yaxşı olardı. Ümid edirəm ki, belə də olacaq”.
Amma baş məşqçi bunun üçün futbolçuların əllərindən gələni əsirgəməmələrinin lazım gəldiyini deyir: “Bizim bu oyunda xeyli qol vəziyyətlərimiz oldu. Hindistana qarşı yaxşı oyun sərgilədik. Bizim əsas problemimiz ondan ibarətdi ki, bütün oyun boyu eyni səviyyədə çıxış edə bilmirik. Özü də bu, heç də rəqibimizin kimliyindən asılı deyil. Bütün oyunlarımızda belədi. Güclü komandalarla qarşılaşmalarda rəqiblərimiz bunu bizə bağışlamayacaq”.
Foqtsu narahat edən əsas məqamlardan biri də futbolçularımızın müdafiədən hücuma, hücumdan müdafiəyə keçərkən lazımı fəallıq nümayiş etdirməmələridi: “Biz hücuma keçərkən ötürmələrdə səhvlərə yol veririk. Necə açılmalı, hücum qurmalı olduğumuzu daha yaxşı bacarmalıyıq”.
“Fələstinlə oyunda mən daha bir neçə futbolçuya şans vermək istəyirəm. Bizim indi əsas məqsədimiz komandanı bütün oyun boyu eyni səviyyədə çıxış etməyə alışdırmaqdı. Bakıda bu qış çox sərt keçdi. Burda isə hava tam fərqli - istidi. Görünür bir çox gənc futbolçular üçün bu, çətinliklər də yaradır. Amma məhz belə oyunlarda onlar millidə özlərini göstərmək şansı qazanırlar” – deyə Foqts bildirib.
Foqts sonda bir daha yetirmələrinin təriflənməməsini istəyib: “Mən sizdən xahiş edirəm ki, oyunçuları tərifləməyin. Özünüz də gördünüz ki, hesabda 2:0 öndə olarkən bəzi futbolçular artıq dayanmışdılar. Topsuz hərəkət etmək istəmirdilər. Bununla mübarizə aparmaq lazımdı. Biz iki qoldan sonra üçüncünü, dördüncünü vurmaq haqda düşünməliyik. Öz oyunumuzdan razı qalmamalıyıq”.
