28 fevral 2012 12:43
Galatasarayın sabiq prezidenti 7 illlik həbs oluna bilər
Türkiyənin “Galatasaray” klubunun sabiq prezidenti Adnan Polat 1 ildən 7 ilədək həbs edilə bilər. Azerisport.az xəbər verir ki, İstanbul Məhkəməsi Polatın 2006-cı ildə klubun vitse-prezidenti olduğu vaxt “Galatasaray”ın “Dənizlispor”u stimullaşdırmaq məqsədilə 1,5 milyon dollar ödəməsi ilə bağlı iddiaları araşdırıb.
İddianamədə bildirilir ki, kluba aid hesablar araşdırılarkən, 16 may 2006-cı ildə 1 milyon 23 min dollarlıq məxaric aşkarlanıb. Bunun 23 min 100 dollarının qəbzi olsa da, 1 milyon dolları üçün qəbz olmayıb. Klubdan həmin ödənişin kamerunlu futbolçu Riqobert Sonqa təzminat kimi verildiyi bildirilib. Lakin Sonqun vəkili “Galatasaray”a göndərdiyi elektron məktubda bu qədər ödənişin olmadığını yazıb. Beləliklə, 1 milyon dolların hansı məqsədlə və hara xərcləndiyi barədə təsdiqləyici sənəd verilməyib. Həmin vaxt sənədlərin Polat tərəfindən imzalandığı nəzərə alınaraq, ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7 ilədək həbs cəzası alması istənilib. Polatın işinə İstanbul Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2005-2006-cı il mövsümündə “Fenerbahçe” Türkiyə Super Liqasının son turunda “Dənizlispor”la 1:1 hesablı heç-heçə edib. “Galatasaray” isə turu qələbə ilə başa vuraraq çempion olub. Həmin vaxt klub prezidenti mərhum Özhan Canaydın olub. Polat isə 2008-ci ilin martında “Galatasaray”ın prezidenti seçilib və 2011-ci ilədək bu vəzifəni tutub.
