29 fevral 2012 12:22
“Meydana çıxmaq üçün darıxmışam”
“Qəbələ”nin və Azərbaycan milli komandasının müdafiəçisi Vurğun Hüseynov uzun fasilədən sonra yaşıl meydanlara qayıdıb. Azerisport.az xəbər verir ki, zədəsini sağaldan futbolçu “Qəbələ”nin ötən gün keçirilən hazırlıq prosesində məşqçilərin nəzarəti altında fərdi şəkildə məşq edib.
Klubun rəsmi saytına açıqlamasında 2 aylıq fasilədən sonra fəal futbol həyatına qayıtmağın həyəcanverici olduğunu söyləyən Vurğun meydançaya çıxmaq üçün darıxdığını bildirib: “Həkimlərin məsləhətilə məşqçilərin nəzarəti altında fərdi məşqlərə başlamışam. 2 aylıq fasilədən sonra aktiv futbol həyatına qayıtmaq həyəcanvericidir. Düzün desəm meydançaya çıxmaq üçün darıxmışdım. Bu günü səbrsizliklə gözləyirdim. Tezliklə komandama kömək etmək istəyirəm”.
Vurğun Hüseynov tezliklə “Qəbələ”nin əsas heyətində meydançaya çıxacağına inandığını deyib:
“Nə vaxt tam hazır olacağımı deyə bilmərəm. Məşqçi heyətinin də yardımı ilə yaxın müddətdə fiziki hazırlıq səviyyəmi yüksəldəcəyimə əminəm. Müalicə müddətində qidalanmağıma diqqət yetirdiyim üçün artıq çəki problemim yoxdur. İnanıram ki, yaxın müddətdə məni yenidən “Qəbələ”nin əsas heyətində görəcəksiniz.”
Xatırladaq ki, komandanın digər futbolçusu Rövşən Əmiraslanov da zədəsini sağaldaraq fərdi məşqlərə başlayıb.
