1 mart 2012 16:46
“Uzun müddət bir yerdə oynamağımızın bəhrəsini gördük”
Müqaviləyə görə "Neftçi"nin futbolçusu olan, hazırda icarə əsasında "Sumqayıt" klubunda çıxış edən futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının müdafiəçisi Tərlan Quliyev İslandiya ilə oyun barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində qazandıqları ilk qələbə (1:0) ilə bağlı bunları dilə gətirib:
"Məqsədimiz 3 xal qazanmaq idi. Sona kimi mübarizə aparıb, istəyimizə nail olduq. Mən də daxil olmaqla komanda yoldaşlarımın çoxu "Neftçi"nin yetirməsidir. Elə buna görə də kollektiv futbol nümayiş etdirməkdə problem yaşamadıq. Uzun müddət bir yerdə oynamağımızın bəhrəsini gördük. İnanıram ki, azarkeşlərimizi sevindirməyə davam edəcəyik".
