2 mart 2012 16:15
FİFA Azərbaycan – Fələstin matçının nəticəsini tanıdı
FİFA Azərbaycan – Fələstin matçının nəticəsini tanıyıb. Azerisport.az xəbər verir ki, fevralın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən qalmaqallı görüş fələstinlilərin 2:0 hesablı qələbəsiylə başa çatmışdı.
Lakin bu oyunu idarə edən hakimlərin matçdan bir gün öncə dəyişdirilməsini qəbul etmək istəməyən Azərbaycan tərəfi nəticənin ləğvinə nail olmaq istəyirdi. Çünki son anda bu görüşü idarə etməli olan baş hakim yığmamıza qarşı çox qərəzli mövqe tutaraq, nəticəyə təsir edən qərarları ilə diqqət çəkmişdi.
Lakin iki gün bu görüşün nəticəsini rəsmi saytında qeydə almayan FİFA artıq bu məsələ ilə bağlı qərarını verib. Azərbaycan – Fələstin matçı dünya futbol qurumunun rəsmi saytında da əksini tapıb.
Bu isə o deməkdi ki, yığmamız FİFA-nın növbəti reytinq siyahısında 8 pillə geriləmək məcburiyyətində qalacaq. Həmçinin komandamızın hesabından 21 xal çıxılacaq.
Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını martın 7-də açıqlayacaq.
