2 mart 2012 12:26
Dario Şimiç Bakıya gəldi (FOTO)
Dünya futbolunun tanınmış simalarından biri, futbolçu karyerası ərzində Xorvatiyanın “Dinamo” (Zaqreb), İtaliyanın “İnter” və “Milan”, həmçinin Fransanın “Monako” klubunda çıxış etmiş, Xorvatiya millisinin heyətində DÇ-98-in bürünc mükafatçısı olmuş Dario Şimiçin 2012-ci ildə Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə ölkəmizə səfəri başlayıb. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Dario Şimiçlə görüşüb.
Səmimi şəraitdə keçən görüşdə veteran futbolçu Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyib və qarşıdan gələn dünya çempionatının yüksək səviyyədə təşkil olunacağına inandığını qeyd edib. Görüşün sonunda Dario Şimiçə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin emblemi əks olunmuş xalça təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Dario Şimiç FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən dünya çempionatının dostu seçilib. Martın 4-dək davam edəcək səfər müddəti ərzində D.Şimiç ölkəmizdə qadın futbolu ilə bağlı təşkil olunmuş bir sıra tədbirlərdə iştirak edəcək, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının gürcüstanlı həmyaşıdları ilə bu gün və martın 4-də keçirəcəyi yoldaşlıq oyunlarını izləyəcək.
