3 mart 2012 21:10
Araz Abdullayevi yenə məyus etdilər (YENİLƏNİB)
Futbol üzrə Yunanıstan Super Liqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası evdə “Atromitos” ilə qarşılaşıb. Heç də uğurlu çıxış etməyən Afina klubu doğma meydan amilindən yararlanıb, növbəti qələbəsini qazanmalıydı. Lakin, Abdullayevin komandası bu vəzifənin öhdəsindən gələ bilməyib.
Son oyunlarda az forma geyən Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Baş məşqçi Apostolos Mantsios futbolçumuzu ehtiyatda saxlasa da, 90-cı dəqiqədə meydana buraxıb. Lakin qısa müddət ərzində Araz da komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, “Panionios” hazırda 23 oyundan sonra 23 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Atromitos” isə 37 xalla beşincidi.
Yunanıstan Superliqası
23-cü tur
3 mart
Panionios - Atromitos - 1:2 (0:1)
Qollar: Dimbala, 81 - Mitroqlou, 29; 68.
