4 mart 2012 18:21
Yığmamız Gürcüstanı 6 cavabsız qolla məğlub etdi
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi yenə Gürcüstan yığması olub.
Oyun AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutub. Qarşılaşma komandamızın üstünlüyü şəraitində keçib. Nəticədə, futbolçularımız 6 cavabsız qolla qələbə qazanıblar. Komandamızın heyətində hərəyə 1 dəfə Melis Sarıaltın, Maya Danqdze, Sevinc Cəfərzadə, Olya Şioşvili və Aysun Əliyeva fərqlənib. Bir qolu isə Tekle Qulordova öz qapısından keçirib.
Ölkəmizdə səfərdə olan, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu seçilmiş xorvatiyalı veteran futbolçu Dario Şimiç oyun başa çatdıqdan sonra yığmamızın üzvləri ilə görüşüb, qələbə münasibətilə futbolçularımızı təbrik edib.
Qeyd edək ki, bu komandalar arasında ayın 2-də daha bir sınaq matçı keçirilmişdi. Həmin oyunda yığmamız 5:0 hesablı darmadağına imza atmışdı.
Yoxlama oyunu
4 mart
Azərbaycan - Gürcüstan - 6:0
