5 mart 2012 13:34
Biri qayıtdı, biri debüt etdi
Azərbaycan Premyer Liqasının 22-ci turu “Xəzər Lənkəran”da ən çox oyun keçirən legioner Radomir Todorovun qayıdışı ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, “Sumqayıt”la səfər matçında meydana çıxan bolqarıstanlı müdafiəçi 436 gündən sonra yenidən “ağ-yaşıl” formada rəsmi matçın iştirakçısı oldu. “Xəzər Lənkəran”da 126-cı oyununu keçirən Radomir 125-ci matçını 2010-cu il dekabrın 23-də “Qarabağ”la ev oyununda (1:2) qeyd etmişdi.
Cari mövsümdə ilk dəfə meydana çıxan Todorovla yanaşı daha 1 futbolçu “Xəzər Lənkəran”da ilkə imza atdı. Lakin serbiyalı Stevan Bates ümumiyyətlə bu klubda ilk matçına çıxdı. “Sumqayıt” ilə səfər matçında iştirak edən müdafiəçi “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını 143-ə çatdırdı. Bununla da 2011/12 mövsümündəki debütantların sayı 17-yə çatıb. Stevana qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo, Eldar İsmayılov, Kamal Bayramov, Habil Nurəhmədov və Zahid Quliyev 2011-ci ildə, Sadio Tounkara, Roberto Alviz, həmçinin Rendall Brenes bu ilin ilk 2 matçında yeni komandalarında debüt etmişdilər.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın şərəfini qorumuş 143 oyunçudan 55-i yerli, 88-i əcnəbidir. 88-ci legioner kimi klub tarixinə düşən Bates 7-ci serbiyalı oldu. Onadək Milorad Koraç, Miroslav Saviç, Uroş Prediç, Marinko Petkoviç, Slaven Stankoviç, həmçinin milliləşən serbiyalı Branimir Subaşiç də komandada oynayıb. Ümumilikdə isə komandada təmsil olunan ölkələrin sayı 32-dir: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Mali – hərəsi 1.
