6 mart 2012 13:23
AFFA hakimi vuran futbolçunu 10 oyunluq cəzalandırdı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan I divizionunun 19-cu turunun “Muğan” – “MKT-Araz” matçının 66-cı dəqiqəsində “Muğan”ın futbolçusu Səməd Rzayevlə “MKT-Araz”ın futbolçusu Hüseyn Əliyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanıb, klubları 400 manat cərimə olunub.
MOİK – “Energetik” matçının 42-ci dəqiqəsində MOİK-in futbolçusu Rəşad Hacızadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şəmkir” – “Qaradağ Lökbatan” matçının 25-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Vüqar Nağıyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman matçın baş hakiminə qarşı fiziki təsir göstərdiyi üçün 10 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Matçın 25-ci dəqiqəsində “Şəmkir”in baş məşqçisi Anar Kələntərov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Baş məşqçi mövsüm ərzində ikinci dəfə texniki zona qaydalarını pozduğuna görə klub 200 manat cərimələnib.
“Lokomotiv” – “Karvan” matçında “Lokomotiv”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 42-ci dəqiqəsində “Lokomotiv” klubunun baş məşqçisi İbrahim Uzunca texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Baş məşqçi mövsüm ərzində ikinci dəfə texniki zona qaydalarını pozduğuna görə klub 200 manat cərimələnib. Oyunun 72-ci dəqiqəsində “Karvan”ın futbolçusu Sücəddin Mobinov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Karvan”ın futbolçusu İlqar Abdullayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
