6 mart 2012 13:52
Hakimi təhqir etdi, 4 oyunluq cəzalandı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 22-ci turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Rəvan” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 36-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Vasif Mehrəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Turan” – “Neftçi” matçının 57-ci dəqiqəsində “Turan”ın futbolçusu Fərman Kərimov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
