9 mart 2012 13:17
Rövnəq Abdullayev: Millimizin çıxışından çox narazıyam
AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki konfransı zamanı çıxışında bir sıra maraqlı məqamlara toxunub. Azerisport.az xəbər verir ki, o, Gürcüstanla Azərbaycanın birgə AÇ-2020-ni təşkil etməsi məsələsinə belə münasibət bildirib:
“Mən ölkə prezidenti İlham Əliyevə Azərbaycanla Gürcüstan arasındakı idman əlaqələrinin daha da möhkəmləndirilməsini təklif etmişdim. Bu məsələ də məhz ondan sonra gündəmə gəldi. Bildiyiniz kimi, ARDNŞ Gürcüstan idmanına və futbol federasiyasına da sponsorluq edir. Hələlik biz bu ideyanın mümkünlüyünü nəzərdən keçiririk. Rəsmi olaraq nəsə demək çətindi. Bu mövzunu inkişaf etdirməyə də ehtiyac duymuram. Çünki məsələ heç UEFA-nın qarşıdakı İstanbul konqresində də müzakirə edilməyəcək”.
“Həm də Bakı Olimpiada-2020-yə ev sahibliyi etmək iddiasındadı. Bu üzdən də iki möhtəşəm tədbirin eyni ölkəyə verilməsinin mümkünlüyü də bir qədər çətin görünür” – deyə Abdullayev əlavə edib.
O, İcraiyyə Komitəsinin iclasına da toxunub: “İK bir sıra məsələlərə baxacaq. Bunlardan biri legioner limitidi. Əgər siz hesab edirsizsə, İK üzvlərini klub prezidentlərinin sayəsində artırmaq lazımdı və bu, Azərbaycan futbolunun xeyrinə olar, bununla razıyam. Gələcəkdə biz onların sayını 20-yə çatdıra bilərik. İndi isə biz daha çox futbol yatırımlarının vergidən azad olunması məsələsinə baxırıq”.
Azərbaycan çempionatında çıxış edən klubların sayı ilə bağlı danışan AFFA rəhbəri bunları söyləyib: “Fikrimcə, 12 klub optimal variantdı. Çox klub olanda, çoxlu da problemlər yaranır. Məsələn, bu mövsüm “Turan”la “Kəpəz”in məsələsini çox çətinliklə həll edə bildik. Hətta yeni sponsor axtarmaq lazım gəldi. Bunun əvəzinə məncə birinci divizion klublarını gücləndirmək lazımdı”.
Rövnəq Abdullayev Fələstin yığmasına məğlubiyyətdən də danışıb: “Bildiyiniz kimi, milli komandamızın Fələstin yığması ilə yoldaşlıq görüşünün nəticəsi FİFA tərəfindən ləğv olunub. Ona görə də bu oyunla bağlı çox danışmaq istəmirəm. Amma yığmada müəyyən problemlər var. Bunlar haqda Berti Foqtsla da danışmışam. Mən 17 yaşadək qızlardan ibarət yığmamızın Gürcüstanla oyununa baxdım. Qadın futbolçularımız çox gözəl qollara imza atdılar. Mən istərdim ki, kişi futbolçulardan ibarət millimiz də belə qollar vursunlar. Siz elə bilirsiz ki, biz yığmanın çıxışından razıyıq? Əksinə, şəxsən mən millinin çıxışından çox narazıyam”.
