9 mart 2012 01:21
“Biz bu qələbəyə layiq idik”
“İnter”in seneqallı yarımmüdafiəçisi İbrahima Niasse müsahibəsində Premyer Liqanın son turu çərçivəsində keçirilmiş “Rəvan”la matç barədə danışıb və digər suallara cavab verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
- “Rəvan” ilk altılığa düşmək şansını itirsə də, bu komanda ilə matç kifayət qədər çətin alındı...
- “Bakı”dan aldığımız məğlubiyyətdən sonra bizə bu oyunda qələbə qazanmaq çox vacib idi. Rəqib də həmçinin ciddi köklənmişdi. Düşünürəm ki, pis oynamadıq. Xüsusilə də birinci hissədə yaxşı oynadıq. Ümumilikdə, hesab edirəm ki, nəticə oyuna görə oldu. Biz bu qələbəyə və 3 xala layiq idik.
- Sən qələbə topunun müəllifi oldun. Bu, həm də “İnter”in heyətində ilk qolun idi...
- Kimin qol vurması vacib deyil. Vacib olanı odu ki, komanda qələbə əldə etdi. Bəli, bu mənim ilk qolum idi və gələcəkdə də komandaya xeyir vermək istərdim.
- Bu, çempionatın təsnifat mərhələsinin son oyunu oldu. İndi komandanı ilk altılıqda mübarizə gözləyir. Qarşıdakı matçlar barədə nə düşünürsən?
- Deyim ki, altılıqda yaxşı komandalar toplaşıb və hər biri yüksək yerlər uğrunda mübarizə aparmaq iqtidarındadı. Biz artıq çətin oyunlar keçirmişik. Lakin bizi qarşıda daha çətin oyunlar gözləyir. Bir sözlə, bizə çox çətin olacaq. (klub saytı)
