9 mart 2012 14:48
Neftçi üçün altılıqda uğursuz rəqib
Futbol üzrə Azərbaycan Premyer Liqasının final mərhələsinin ilk oyununda “Neftçi”ni qəbul edəcək “Qəbələ” tarixində 15-ci dəfə bu komanda ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, arxada qalan 14 oyunda “Neftçi” 7, “Qəbələ” 3 qələbə qazanıb, 4 dəfə isə komandalar hərəyə 1 xal qazanıblar.
Top fərqi də bakılıların xeyrinədi - 20:9. Bu matçların da hamısı Premyer Liqa çərçivəsində olub. “Neftçi”nin ümumi balansdakı üstünlüyünə baxmayaraq son oyunların nəticələri “Qəbələ”ni ev oyununun favoriti edir. Belə ki, rəqiblərin son qarşılaşmasında məhz “Qəbələ”, öz meydanında qələbə qazanıb. Üstəlik tərəflər arasında son 3 matçda meydan sahibləri uduzmur, hətta qol da buraxmır. Qəbələdə baş tutan son 4 görüşdə isə meydan sahibləri 2 qələbə qazanıb. 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub.
Bundan başqa indiyədək komandalar arasında baş tutan final mərhələsi oyunlarında “Neftçi” qələbəyə həsrətdi. 2009/10 mövsümünün ilk “altılığ”ının oyunlarında “Qəbələ” Bakıda qalib gəlib (2:1), öz meydanında 1 xalla kifayətlənmişdi – 0:0. Bu dəfəki matç rəqiblərin “altılıq”da 3-cü dueli olacaq.
