10 mart 2012 17:25
Amit 15 dəqiqə oynadı, komandası məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyənin Bank Asya birinci liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Giresunspor”la qarşılaşıb. Kayseri klubu səfərdə oynamasına baxmayaraq, zəif rəqiblə dueldən mütləq qalib ayrılmağa borclu idi. Hətta oyunda hesabı da qonaqlar açıb. Lakin 54-cü dəqiqədə Silla qırmızı vərəqə aldığından, həmyerlimizin komandası azlıqda qalıb. Məhz bundan sonra üstünlüyü ələ keçirən meydan sahibləri nəinki bərabərlik, hətta qələbə qolunu da vurublar.
Son oyunlarda az forma geyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Kemalettin Şentürk futbolçumuza 75-ci dəqiqədə şans verib. O, Serkan Atakın yerinə meydana çıxıb.
Qeyd edək ki, Kayseri klubu hazırda 25 oyundan sonra 36 xalla 6-cı pillədə qərarlaşıb. “Giresunspor” isə 22 xalla 19-cudu.
Türkiyə Bank Asya birinci liqası
25-ci tur
10 mart
Giresunspor - Erciyesspor - 2:1 (0:1)
Qollar: Adem Çalık, 70, Cafercan Aksu, 87 - Gökhan Kaba, 38.
