11 mart 2012 01:14
Braziliya DÇ-2014 üçün hazırlıqlarda ləngiyir
FİFA-nın 40 nəfərdən ibarət ekspertlər qrupu Braziliyanın 2014-cü ildə futbol üzrə dünya çempionatının keçirilməsinə hazırlıq məsələsində nə dərəcədə geri qalmasını maksimum dəqiq və ətraflı qiymətləndirmək üçün bu ölkəyə səfər edib. Azerisport.az xəbər verir ki, aparılan araşdırmalardan sonra bu günlərdə FİFA-nın baş katibi Jerom Valke çempionatın təşkilat komitəsinin işini çox sərt ifadələrlə qiymətləndirib.
“Braziliya bu turniri keçirməyi boynuna götürüb. Onlar müəyyən işləri vaxtında başa çatdırmağı öhdəsinə götürmüşdülər. Lakin işlərin xeyli hissəsi qrafikdən geri qalır. Qrafikdən geri qalan təkcə idman obyektlərində aparılan işlər deyil. Braziliyada infrastruktur obyektlərinin azlığı, yolların və aeroportların çatışmaması səbəbindən ciddi nəqliyyat problemləri də davam edir. Biz mürəkkəb vəziyyətə düşmüşük. Bunun əsas səbəbi məmurların səhlənkarlığıdı. Hətta sanitariya məsələsi heç də həmişə lazımi səviyyədə deyil. 2013-cü ildə keçiriləcək Konfederasiyalar Kuboku Dünya çempionatı ərəfəsində bir növ baş məşqdi. Həmin yarışlar başlayana qədər Braziliya bütün işləri yekunlaşdırmalıdı”.
