11 mart 2012 11:46
Premyer Liqa, 23-cü tur. Mircavadovun proqnozu
Azərbaycan futbolunun veteranlarından Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 24-cü turunun oyunları üçün proqnozlarını açıqlayıb.
Qəbələ - Neftçi
“Neftçi” “Qəbələ”yə sonuncu səfər matçında məğlub olmuşdu. Onların qələbə qazanmaq üçün yaxşı şansları var. Çünki əsas izləyicilərindən bir qədər də aralanmaq istəyirlər. Mümkündü ki, meydan sahibləri çempionluq şanslarının elə də yüksək olmadığını düşünüb, əsas güclərini ölkə kuboku üçün qorusunlar. Özü də “Qəbələ” son turda “Kəpəz”ə də məğlub oldu. Fikrimcə, bu oyunda qələbə “Neftçi”nin olmalıdı.
Bakı – İnter
Bu komandalar arasındakı son oyun “Bakı”nın minimal hesablı qələbəsiylə başa çatıb. Bu dəfəki oyun çox gərgin keçəcək. Düşünmürəm ki, “zolaqlılar” ardıcıl iki oyunda məğlub olsunlar. Özü də doğma meydanda. “İnter”də isə hücum xəttində müəyyən problemlər var. Buna görə də ən real görünən nəticə heç-heçədi.
Qarabağ – Xəzər Lənkəran
Bu, üçüncü yer uğrunda oyundu. Xüsusilə də “Qarabağ” üçün böyük əhəmiyyət daşıyır. Ağdamlılar Quzanlıda daha yaxşı oynayırlar. Odu ki, oyun çox gərgin keçəcək. Hər iki komandanı çətin oyun gözləyir. Fikrimcə, Quzanlıda da heç-heçə görəcəyik.
Sumqayıt – Rəvan
Meydan sahiblərinə bu oyunda qələbə qazanmaq lazımdı. Təbii ki, Premyer Liqadakı çıxışlarını davam etdirmək istəyirlərsə. “Rəvan” da son dövrlər yaxşı oynamır. Komandaların şansları bərabərdi. Düzdü, “Rəvan” qələbə qazana bilər. Amma ən ədalətli nəticə heç-heçə olardı.
Simurq – Kəpəz
Gəncəlilər səfərdə evdəki qədər yaxşı oynamırlar. “Simurq”a yeni məşqçisi İqor Getmanın rəhbərliyi altında uğurlar arzulayıram. Fikrimcə, 3 xal “Simurq”un olacaq.
Turan – AZAL
Hesab edirəm ki, bu oyun turun ən maraqlı görüşlərindən biri ola bilər. “Turan”a Premyer Liqada qalmaq üçün qələbə çox lazımdı. Tovuzlular doğma meydanda çox yaxşı oynayırlar. AZAL-da isə artıq xüsusi motivasiyanın qalmadığını demək olar. Fikrimcə, onların əsas fikirləri kuboka yönəlib. Buna görə də “Turan”ın qələbə qazanacağını düşünürəm.
