12 mart 2012 13:52
Ölkə kubokunun final matçının keçiriləcəyi arena bəlli oldu
Futbol üzrə Azərbaycan kubokunun final oyununun keçiriləcəyi məkan bəlli olub. Azerisport.az xəbər verir ki, mayın 17-də baş tutacaq həlledici oyun Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan kubokunun qalibləri adətən Tofiq Bəhramov adına Respublika stadionunda bəlli olur. Lakin bu dəfəki final oyununun Respublika stadionunda keçirilməsi mümkün olmayacaq. Buna səbəb həmin arenada təmir və yenidənqurma işlərinin aparılmasıdı. Mayın 17-dək stadionda nəzərdə tutulan işlər başa çatmayacağına görə PFL final oyununu "Dalğa Arena"da keçirməyi qərara alıb.
Xatırladaq ki, sonuncu dəfə kubokun finalı 2006-cı ildə mərkəzi arenada keçirilməmişdi. Həmin il “Şəfa”da baş tutan həlledici görüşdə “Qarabağ” “Karvan”ı 2:1 məğlub etmişdi. 2001-ci ildə isə Sumqayıtda keçirilən kubokun finalında “Şəfa” “Neftçi”ni 2:1 hesabıyla üstələmişdi.
