13 mart 2012 16:44
Neftçi azarkeşlərinin müdafiəsinə qalxdı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Neftçi" oyununda xoşagəlməz vəziyyət yaşandı. Azerisport.az xəbər verir ki, bununla bağlı artıq paytaxt klubu da rəsmi bəyanat yayıb.
Onu olduğu kimi təqdim edirik:
“Oyunun birinci hissəsində qəbələli azarkeşlər meydançaya kənar əşyalar atsa da polis bu vəziyyətə müdaxilə etmədi. Buna baxmayaraq oyun ərzində hər iki komandanın futbolçuları və azarkeşləri arasında heç bir insident yaşanmadı. Təəssüf ki, oyunun sonuna yaxın polislər birtərəfli mövqe tutaraq və güc tətbiq edərək "Neftçi" azarkeşlərini tribunalardan çıxarmağa başladılar. Nəticədə 10-a yaxın azarkeş xəsarət alaraq xəstəxanaya aparıldı. Klub rəsmiləri xəstəxanada oldular və xəsarət almış azarkeşlərə tibbi yardım göstərildi. Hadisəyə dərhal reaksiya verən Qəbələ şəhər icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev xəstəxanaya gələrək vəziyyətlə tanış oldu. Azarkeşlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar Bakıya yola salındı. Futbolsevərlərdən birinin vəziyyəti yolda pisləşdiyindən əvvəlcə Hacıqabul, daha sonra Şirvan şəhər xəstəxanasında yerləşdirildi.
Azərbaycanın ən köklü klubu "Neftçi" PFK olaraq azarkeşlərə qarşı bu münasibəti qəti şəkildə pisləyir və müvafiq qurumların tədbir görməsini istəyirik. Artıq klubumuz tərəfindən Peşəkar futbol liqasına rəsmi müraciət ünvanlanıb. İnanırıq ki, oxşar hallar bir daha baş verməyəcək”.
