13 mart 2012 18:15
Azərbaycan kubokunda ilk dəfə
2012-ci ildə ilk kubok matçına çıxacaq “Qəbələ” martın 14-də “Qarabağ”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk oyunu komandalar arasında birinci kubok qarşılaşması olacaq.
Lakin tarixləri ərzində artıq 14 dəfə üz-üzə gələn rəqiblər Azərbaycan çempionatlarında münasibətlərini dəfələrlə ayırd ediblər.
Əvvəlki 14 matçda ümumi üstünlük “Qarabağ”ın tərəfində olsa da, son oyunlarda üstün olan “Qəbələ”di. Belə ki, cari mövsüm rəqibinə uduzmayan futbolçularımız heç qol da buraxmayıblar. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən “Qəbələ” öz meydanında qolsuz heç-heçə ilə kifayətlənib.
Rəqiblərin Qəbələdiki 8-ci duelinə meydan sahibləri daha yaxşı əhval-ruhiyyə ilə çıxacaq. Çünki “Qarabağ” son 4 səfər matçında qələbəyə həsrətdir. Meydan sahibləri evdəki 1271 günlük məğlubiyyətsizliyi 2 qələbə və 2 heç-heçədən ibarətdir.
“Qəbələ” ilə “Qarabağ” arasındakı oyunları 2 mərhələyə bölmək olar. 2006-08-ci illərdə “Qarabağ” güclülər dəstəsi təcrübəsi olmayan “Qəbələ”ni bütün oyunlarda məğlub edib – 5 qələbə. Lakin ardıcıl 5 məğlubiyyətdən sonra toparlanan “Qəbələ” 2009-cu ildən sonra cəmi 1 dəfə rəqibinə uduzub. Son 9 qarşılaşmada 3 qələbə, 5 heç-heçəsi olan “Qəbələ” yalnız 1 dəfə məğlubiyyət acısı dadıb.
Qeyd edək ki, indiyəqədərki 14 matçda üstünlük “Qarabağ”ın tərəfindədir. “Qəbələ” 3 qələbə qazanıbsa ağdamlılr 6 dəfə sevinən tərəf olub. 5 dəfə sülhlə ayrılan tərəflərin qarşılaşmalarında top fərqi ağdamlıların xeyrinədi - 18:13.
