14 mart 2012 01:15
Azərbaycan kuboku: mübarizəyə davam!
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşmalar əyalətlərdə start götürəcək və paytaxtda yekunlaşacaq.
Premyer Liqanın son turlarında “Xəzər Lənkəran”, “Neftçi” kimi iddialı rəqiblərini məğlub yola salmaqla özündən söz etdirən “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Bu, sözügedən komandalar arasında birinci kubok qarşılaşması olacaq.
Lakin tarixləri ərzində artıq 14 dəfə üz-üzə gələn rəqiblər Azərbaycan çempionatlarında münasibətlərini dəfələrlə ayırd ediblər. Əvvəlki 14 matçda ümumi üstünlük “Qarabağ”ın tərəfində olsa da, son oyunlarda üstün olan “Qəbələ”di. Belə ki, cari mövsüm rəqibinə uduzmayan “Qəbələ” futbolçuları heç qol da buraxmayıblar. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən “Qəbələ” öz meydanında qolsuz heç-heçə ilə kifayətlənib.
Rəqiblərin Qəbələdiki 8-ci duelinə meydan sahibləri daha yaxşı əhval-ruhiyyə ilə çıxacaq. Çünki “Qarabağ” son 4 səfər matçında qələbəyə həsrətdi. Meydan sahibləri evdəki 1271 günlük məğlubiyyətsizliyi 2 qələbə və 2 heç-heçədən ibarətdi. “Qəbələ” ilə “Qarabağ” arasındakı oyunları 2 mərhələyə bölmək olar. 2006-08-ci illərdə “Qarabağ” güclülər dəstəsi təcrübəsi olmayan “Qəbələ”ni bütün oyunlarda məğlub edib – 5 qələbə. Lakin ardıcıl 5 məğlubiyyətdən sonra toparlanan “Qəbələ” 2009-cu ildən sonra cəmi 1 dəfə rəqibinə uduzub. Son 9 qarşılaşmada 3 qələbə, 5 heç-heçəsi olan “Qəbələ” yalnız 1 dəfə məğlubiyyət acısı dadıb.
Qeyd edək ki, indiyəqədərki 14 matçda üstünlük “Qarabağ”ın tərəfindədi. “Qəbələ” 3 qələbə qazanıbsa ağdamlılr 6 dəfə sevinən tərəf olub. 5 dəfə sülhlə ayrılan tərəflərin qarşılaşmalarında top fərqi ağdamlıların xeyrinədi - 18:13. Üstəlik, “Qəbələ” kimi Ağdam klubu da son dövrlər inamlı oyun sərgiləməkdədi. Kubok oyunu da daxil olmaqla artıq 10 görüşdə qapısından qol görməyən Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı qələbəsini də qazana bilər.
1/4 final mərhələsinin digər prinsipial görüşü "İnter"lə "Xəzər Lənkəran" arasında baş tutacaq. Əvvəla bu komandalar hazırda Premyer Liqada da yüksək hədəflər uğrunda mübarizə aparırlar. Kubok mübarizəsində kimin büdrəcəyi isə maraqla gözlənilir.
Lakin bu klublar arasındakı mübarizəyə rəng qatan daha bir amil indiyəqədərki kubok görüşlərində qeydə alınan nəticələrdi. Artıq bu turnirdə 4 dəfə yolları kəsişən rəqiblər həmin duellər ərzində 6 dəfə üz-üzə gəliblər. Son 3 qarşıdurmadan qalib ayrılan “Xəzər Lənkəran” olub ki, bunların 3-də də sonda kuboka yiyələnib. “İnter” yalnız 2004/05 mövsümünün yarımfinalında bu rəqibini üstələyə bilib (2:1, 1:1). 2006/07 mövsümünün yarımfinalında yenə bu iki klub üz-üzə gəlib. Bu dəfə isə “Xəzər Lənkəran” hər iki oyunda minimal hesablı qələbəylə adını həlledici oyuna yazdırıb.
Digər iki görüş isə birbaşa kubokun final matçına təsadüf edib. Belə ki, 2007/08 mövsümünün final oyununda “Xəzər Lənkəran” “İnter”i əlavə vaxtda vurduğu qollarla 2:0 hesabıyla məğlub edərək, baş mükafata sahib çıxmışdı. Maraqlıdı ki, elə 2010/11 mövsümünün finalında da “Xəzər Lənkəran” “İnter”dən güclü olmuşdu. 1:1 başa çatan görüşün taleyini penaltilər həll etmişdi ki, burda da cənublular üstün olmuşdular - 4:2.
İndi “bankirlər” üçün kiçik də olsa, qisas almaq üçün bir şansının olduğunu demək olar. İlk oyunun paytaxtda keçirilməsi “Xəzər Lənkəran”ın işinə daha çox yarayır. Odu ki, paytaxt klubu cavab oyunu öncəsi üstünlük qazanmağa borcludu. Əks halda cənublular doğma meydanda baş tutacaq cavab matçında yarımfinala vəsiqə qazanmağa daha yaxın olacaqlar.
Kubokda digər maraqlı mübarizə vəd edən cütlərdən biri də "Bakı" – AZAL-dı. Hər iki paytaxt klubu demək olar ki, bütün ümidlərini kuboka başlayıb. AZAL ümumiyyətlə ilk altılıqdan kənar qalıb və mövsümü boşa verməmək, yaxud avrokuboklara vəsiqə qazanmaq üçün yeganə yol kubokdan keçir. “Bakı”da isə vəziyyət nisbətən fərqlidi. Bu klub medallar uğrunda mübarizə aparmaq şansına malik olsa da, ilk altılığın sonuncu pilləsində qərarlaşıb. Bu üzdən də “zolaqlılar” üçün də avrokuboklara ən yaxın yol elə kubokdan keçir. Belədə, bu klublar arasında da gərgin və maraqlı mübarizənin olacağını indidən proqnozlaşdırmaq olar.
Qeyd edək ki, tarixlərində 2-ci dəfə kubokda üz-üzə gələn paytaxt təmsilçilərinin ilk derbisində sevinən “Bakı” olub. Paytaxtın eyniadlı komandası 2005/06 mövsümünə təsadüf edən 2 1/8 final görüşündə qapısından qol buraxmamaqla (0:0, 0:3) mərhələ adlamışdı. Bu dəfə də gücünə görə “zolaqlılar”ı daha şanslı saymaq olar.
Bu mərhələnin nəticəsini bəlkə də çoxlarının proqnozlaşdıra biləcəyi bir oyun varsa, o da “Kəpəz" - "Neftçi" duelidi. Çünki son ölkə çempionu ilə Gəncə klubu arasında böyük güc fərqi var. Hazırda Premyer Liqaya liderlik edən “ağ-qaralar”dan fərqli olaraq “Kəpəz” ikinci altılıqda mübarizə aparır və kubokda da şansları o qədər yüksək qiymətləndirilmir.
6-cı dəfə güclünü müəyyənləşdirməli olan komandalar kubokda yubiley – 10-cu matçda üz-üzə gələcəklər. Əvvəlki oyunlarda eyni sayda qələbə qazanana komandaların duellərində maraqlı tendensiya yaşanır. “Kəpəz” yarımfinallarda, “Neftçi” isə buna qədərki mərhələlərdə rəqibini mübarizədən kənarlaşdırır. Üstəlik son 3 matçda “Neftçi” qalib gəlib. Elə bu dəfə də fərqli nəsə olacağı inandırıcı görünmür. Düzdü, “Kəpəz” ola bilsin ki, ilk oyunda qələbə qazansın və ya heç-heçəyə nail olsun. Amma cavab görüşü Bakıda olacağından, “Neftçi”nin yarımfinala çıxması daha realdı.
Azərbaycan kuboku
1/4 final
14 mart (çərşənbə)
14:00. “Qəbələ” – “Qarabağ” (Ağdam)
Qəbələ, Böyük Əmili qəsəbə stadionu.
14:00. “Kəpəz” (Gəncə) – “Neftçi” (Bakı)
Gəncə. Şəhər stadionu.
15:00. “Bakı” – AZAL (Bakı)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu.
16:00. “İnter” (Bakı) – “Xəzər Lənkəran”
Bakı. “Şəfa” stadionu.
Qeyd edək ki, cavab görüşləri martın 28-də keçiriləcək.
