14 mart 2012 02:07
DÇ-2014-ün təşkilat komitəsinin rəhbəri qovuldu
Son 23 ildə Braziliya Futbol Konfederasiyasının prezidenti vəzifəsini tutmuş Rikardo Teyşeyra həm bu vəzifədən, həm də 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq üzrə milli təşkilat komitəsinin rəhbəri vəzifəsindən istefa verib. Azerisport.az xəbər verir ki, tez-tez korrupsiyada ittiham edilən 64 yaşlı məmur vəzifədən səhhətinə görə gedib.
1989-cu ildən Braziliya Futbol Konfederasiyasının rəhbəri olmuş Teyşeyra Braziliyanın ən tanınmış futbol xadimlərindən biridi. Onun prezidentliyi dövründə bu ölkənin milli yığması iki dəfə - 1994-cü və 2002-ci illərdə futbol üzrə dünya çempionu olub.
Braziliya Futbol Konfederasiyasına rəhbərlik etdiyi dövrdə qazanılmış aşkar uğurlara baxmayaraq, Teyşeyranın adı dəfələrlə korrupsiya ilə bağlı qalmaqalların mərkəzində olub. Lakin o hər dəfə öz vəzifəsini qoruyub saxlaya bilib.
2001-ci ildə Braziliya Konqresi yanında xüsusi komissiya Teyşeyranı 13 cinayət törətməkdə, o cümlədən vergilərdən yayınmaqda, qanunsuz yolla qazanılmış pulları “yumaqda” və informasiyanı Konqres üzvlərindən gizlətməkdə ittiham edib. Lakin bu məsələlər ona qarşı rəsmi ittiham təqdim edilməsi dərəcəsinə çatmayıb.
Braziliya Futbol Konfederasiyasında Teyşeyranı 79 yaşlı Joze Mariya Marin əvəz edəcək. Braziliyanın futbol dairələrindən kənarda çoxlarının tanımadığı bu keçmiş siyasi xadim, həm də 2014-cü ildə keçiriləcək dünya çempionatının Braziliya Təşkilat Komitəsinin heyətinə daxil olacaq. Braziliya milli yığma komandasının keçmiş oyunçuları Bebeto və Ronaldo həmin Komitənin inzibati şurasında əsas fiqurlar hesab edilirlər.
