14 mart 2012 11:23
“Xəzər Lənkərana bacardığımız qədər çox qol vuracağıq”
“İnter”in yarımmüdafiəçisi Petar Zlatinov azerisport.az saytına müsahibəsində Azərbaycan kubokunun 1/4 final mərhələsindəki rəqibləri “Xəzər Lənkəran”la duellərdə şanslarından danışıb. O, bu gün baş tutacaq ilk oyun ərəfəsində öncə bunları dilə gətirib:
“Çətin oyun olacaq. Biz mümkün qədər yaxşı nəticəyə nail olmağa çalışacağıq ki, cavab görüşündə işimiz daha asan olsun. “Xəzər Lənkəran”la oyunlar heç vaxt adi olmur. Onlara qarşı oynamaq çətindi. Lakin bizə heç bir təzyiq olmadan öz oyunumuzu göstərmək lazımdı”.
Premyer Liqanın son turunda “İnter” səfərdə “Bakı” üzərində qələbə qazandı - 1:0. Lakin Zlatinov həmin qələbənin komandada əlavə ruh yüksəkliyi yaratmadığını düşünür: “Komandamızda atmosfer, əhval-ruhiyyə onsuz da həmişə yaxşı olur. Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibin kimliyindən asılı olmayaraq, əsas məqsədimiz uğur qazanmaqdı”.
Bolqarıstanlı yarımmüdafiəçi ilk oyunda istədikləri nəticəni qazana bilməyəcəkləri halda bunu faciəyə çevirməyəcəklərini deyir: “Düzdü, ilk oyunda heç-heçə də ola bilər. Amma baxır necə? Qollu heç-heçə də ola bilər, qolsuz da. İstənilən halda cütün taleyi iki oyunda həll olunacaq. Buna görə də burda qorxulu heç nə görmürəm. Əsas yekun nəticədi. Amma əlbəttə, biz bacardığımız qədər çox qol vuracağıq ki, Lənkəranda işimiz elə də çətin olmasın”.
Zlatinov Premyer Liqada olduğu kimi, Azərbaycan kubokunda da hədəflərinin yüksək olduğunu bildirir: “Biz ölkə kuboku və ya Premyer Liqa arasında heç bir fərq qoymuruq. “İnter” üçün hər ikisi vacibdi. Biz hər iki cəbhədə sona kimi mübarizə aparacağıq. Məqsədimiz uğur qazanmaqdı”.
Təcrübəli futbolçu komandanın məşqçilərindən Georgi Çixradzenin “Simurq”a baş məşqçi getməsinə də toxunub: “Hələ ki, bu, hiss olunmur. Düşünmürəm ki, bu məsələyə görə xüsusi kədərlənmək lazımdı. Biz öz yolumuza davam edirik. Əlbəttə, onun “İnter”dən getməsi yaxşı olmadı. Digər tərəfdən isə hər bir şəxsin öz hədəfləri olur. Əminəm ki, Çixradzenin də belə planları vardır. Ona görə də bu mütəxəssisə yalnız uğurlar arzulayıram”.
Zlatinov sonda Premyer Liqanın 23-cü turunun “Qəbələ” – “Neftçi” matçından sonra azarkeşlərlə bağlı yaranan qalmaqalın “İnter” – “Xəzər Lənkəran” görüşündə təkrarlanma ehtimalı ilə də bağlı fikirlərini açıqlayıb: “Bildiyim qədərilə “İnter” və “Xəzər Lənkəran” azarkeşləri arasında heç bir problem olmayıb. Təbii ki, bu, hər bir oyunda ola bilər. Hər şeyə hazır olmaq lazımdı”.
