15 mart 2012 14:02
Avrokubokların püşkü sabah atılacaq
UEFA Çempionlar Liqası və Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü sabah atılacaq. Azerisport.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunacaq.
Öncə saat 15:00-da ÇL-in püşkü atılacaq. 1/4 final mərhələsində mübarizə aparmaq şansı qazanan səkkiz klub (“Barcelona” (İspaniya), “Real” (Madrid, İspaniya), “Chelsea” (İngiltərə), APOEL (Cənubi Kipr), “Benfica” (Portuqaliya), “Milan” (İtaliya), “Olympique” (Marsel, Fransa) və “Bayern” (Münhen, Almaniya) cütlərə bölünəcəklər.
Qeyd edək ki, artıq bu mərhələdən etibarən eyni ölkənin təmsilçiləri də bir-biriylə qarşılaşa biləcək. Belə ki, 1/4-də iki klubla təmsil olunan yeganə ölkə - İspaniyanın təmsilçiləri “Real”la “Barcelona”nın da bir-biriylə düşməsi mümkündü. 1/4 finalın püşkünün ardından yarımfinalın da püşkü atılacaq.
ÇL-də 1/4 final matçları 27-28 mart və 3-4 aprel, yarımfinal matçları isə 26-27 aprel və 3-4 may tarixlərində oynanılacaq.
ÇL-in püşkatmasından sonra Avroliqanın da püşkü atılacaq. Bu turnirdə də 1/4 final və yarımfinal mərhələsinin püşkatması olacaq. Lakin 1/8 final mərhələsinin cavab oyunları hələ bu gün keçiriləcək turnirin 1/4 finalına hansı klubların çıxacağı bəlli deyil.
Avroliqada 1/4 final mərhələsinin oyunları martın 29-da və aprelin 5-də, yarımfinal qarşılaşmaları isə aprelin 19-da və 26-da keçiriləcək.
