16 mart 2012 16:50
Aslan Şahgəldiyev: Növbəti mövsümdən oyunları PFL yayımlayacaq
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev müsahibəsində çempionatımızdakı legioner limitindən, futbolçularımızın maaşından, eləcə də teleyayım hüququnun klublardan alınmasından danışıb. Azerisport.az xəbər verir ki, o, öncə legioner limitinə toxunub:
- Martın 9-da legioner limitinin dəyişdirilməsinə qərar verildi. Növbəti mövsümdən 7+3+1 limitindən istifadə olunacaq. Burda da əsas məqamlardan biri ondan ibarətdi ki, meydanda olacaq futbolçulardan biri 21 yaşdan yuxarı olmamalıdı. Bunda da əsas məqsəd gənc futbolçuların itib-batmamasıdı. PFL yaranandan sonra əvəzedicilər arasında ölkə çempionatı da keçirilir. Orda bir sıra gənc futbolçular yetişir, əsas komandalara cəlb olunur. Hər klubun heyətində indi azı 3-4 20-21 yaşlı oyunçuya rast gəlmək olar. Təəssüf ki, həmin futbolçulara oynamaq üçün şans tanınmır. Məşqçilərimiz risk edib, onları oynatmaq istəmirlər. Futbolçu da dəmir kimi bir şeydi, oynamadısa paslanacaq. Onların əsas heyətə düşmələri eyni zamanda 21 yaşadək futbolçulardan ibarət yığma üçün faydalı olacaq.
- Sizə elə gəlmir ki, 7 legioner çoxdu?
- Biz PFL olaraq klubların da maraqlarını nəzərə alırıq. Hazırda Azərbaycanda futbolçu qıtlığı var. 2008-ci ildə Azərbaycanda legioner futbolçu az idi. Limit də 3+8 idi. Bunun nəticəsində də yerli futbolçuların qiymətlərinin süni şəkildə artması müşahidə olundu. Hətta elə futbolçular var idi ki, 3 dəfə artıq pul tələb edirdi. Bu da klublar üçün əlavə bir yük idi. Ona görə də hər şeyi mərhələli şəkildə həyata keçirməyə çalışırıq. Mənə elə gəlir ki, birdən-birə 5 legioner futbolçuya keçmək futbolumuz üçün müsbət nəticələnməz. Növbəti illərdə buna tələbat yaransa, keçmək olar. Amma hazırda elə bir limiti qarşılaya biləcək futbolçu potensialımız yoxdu.
- PFL prezidenti Ramin Musayev bir müddət öncə limitdə heç bir dəyişiklik olmayacağını açıqlamışdı. Amma cəmi bir neçə gün sonra belə qərar çıxarıldı...
- Bu məsələ sırf İcariyyə Komitəsinin iclasında müzakirə olunan məsələdi. Yəni bir nəfərin verəcəyi qərar deyil. O iclasda müzakirə olunub, klubların da fikirləri öyrənilib.PFL də ilk növbədə klubların mənafeyini qoruyan təşkilatdı. Yəqin ki, İK da bu qərarın futbolumuzun inkişafında daha faydalı olacağını düşündüyü üçün limiti dəyişib.
- Legioner futbolçuların xidmətinə daha çox ehtiyac duyan klublarımız bu limit dəyişikliyinin əleyhinə deyil ki?
- Əslində klublarımız legioner oyunçuların xidmətinə məcburiyyətdən ehtiyac duyurlar. İnanmıram ki, onlar limit dəyişikliyinə etiraz etsinlər. Çünki bununla bağlı İK-da da müzakirələr oldu, Ramin Musayevlə də ayrıca görüşdə hər kəsin fikirləri nəzərə alındı. Həm də nəzərə almaq lazımdı ki, limit dəyişikliyi yalnız gələn mövsümdən tətbiq olunacaq. Yəni o dövrə kimi hər bir klub bu dəyişikliyi nəzərə almağa çalışacaq. Bu strategiya həm də klubların özləri üçün gələcəkdə faydalı olacaq.
- Əslində klublarımız legioner oyunçuların xidmətinə məcburiyyətdən ehtiyac duyurlar. İnanmıram ki, onlar limit dəyişikliyinə etiraz etsinlər. Çünki bununla bağlı İK-da da müzakirələr oldu, Ramin Musayevlə də ayrıca görüşdə hər kəsin fikirləri nəzərə alındı. Həm də nəzərə almaq lazımdı ki, limit dəyişikliyi yalnız gələn mövsümdən tətbiq olunacaq. Yəni o dövrə kimi hər bir klub bu dəyişikliyi nəzərə almağa çalışacaq. Bu strategiya həm də klubların özləri üçün gələcəkdə faydalı olacaq.
- Sizcə, limit məsələsinə yenidən nə vaxt baxıla bilər?
- İndi bu suala cavab vermək çətindi. Ən azı növbəti mövsüm üçün qərar artıq məlumdu. Nə vaxt görsək ki, buna yenidən ehtiyac var, futbolçuların qiymətinin süni şəkildə artması halları müşahidə olunmur, onda hər şey mümkündü. Əsas problemlərdən biri də ondan ibarətdi ki, yerli futbolçuların qiyməti bir az artan kimi, onlar xaricə getməkdə də maraqlı olmurlar.
- Azərbaycan çempionatında çıxış edən futbolçuların qazanclarını hansı əcnəbi çempionatlarla müqayisə etmək olar?
- Bu suala konkret cavab verə bilməyəcəm. Çünki digər ölkə çempionatlarında çıxış edən oyunçuların qazanclarından xəbərim yoxdu. Böyük beşlik ölkələri ilə müqayisə oluna bilməz. Bu, şübhəsizdi. Hardasa Türkiyə birinci liqasında çıxış edən klublarla müqayisə etmək mümkündü. Elə Rusiyanın da aşağı divizionuyla eyni səviyyədə olması realdı.
- Azərbaycana gələn legionerlərin səviyyəsi şəxsən sizi qane edir?
- Pis deyil. Bir neçə il qabaq klublarımız heç kəsə lazım olmayan legionerlər gətirirdilər. Amma indi yığma üzvlərinə üstünlük verirlər. PFL hər bir legioner oyunçuya görə klublardan üzvlük haqqı alır. Yığma komandada çıxış edən legionerlərə görə isə üzvlük haqqı tələb olunmur. Bir legioner oyunçu üçün PFL-ə 25 000 manat pul ödənilir ki, bu da az məbləğ deyil.
- Teleyayım hüququnun klublardan alınması qərarı nəyi dəyişəcək?
- Biz bununla ilk növbədə onu nəzərdə tutmuşuq ki, klublara daha çox pul qazandıraq. Bildiyiniz kimi, futbol klubları külli miqdarda pullar xərcləyirlər. Onların əsas gəlir yerlərindən biri isə məhz teleyayımdı. Növbəti mövsüm yayım hüququ yenə PFL-də olacaq. Bununla əlaqədar tender keçiriləcək. Tenderdə qazanılacaq pul isə klublar arasında bölünəcək. Yəni bizim burda heç bir maddi marağımız yoxdu. Klubların da qarşısına tələb kimi qoyulacaq ki, həmin pul ancaq uşaq futbolunun inkişafına xərclənsin.
- İlk altılıq oyunlarından fərqli olaraq, ikinci altılığın matçlarını vermək istəyən kanal olmur...
- Biz bu problemi aradan qaldırmağa çalışırıq. Növbəti mövsümdən PFL-in rəsmi saytının öz kanalı olacaq ki, bununla da bütün oyunları yayımlamağı düşünürük.Hazırda bu məsələ üzərində işləyirik.
