17 mart 2012 11:27
Premyer Liqa, 24-cü tur: Ramiz Məmmədovun proqnozu
Azərbaycanın veteran futbolçusu Ramiz Məmmədov Premyer Liqanın 24-cü turunun oyunları ərəfəsində azerisport.az saytı üçün proqnozlarını açıqlayıb.
Simurq – Turan
Zaqatalalılar mövsümə yaxşı başlamışdılar. Lakin bunun davamını gətirə bilmədilər. Nəticədə Sergey Yuran istefa verməli oldu, onun əvəzində Georgi Çixradze gətirildi. “Turan” isə hazırda yüksəlişdədi. Fikrimcə, heç-heçə olacaq.
İnter – Neftçi
Maraqlı oyun olacaq. “Qəbələ”yə ötən turda böyük hesabla uduzan “Neftçi” vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq. Amma “İnter”ə də qələbə lazımdı. Çünki 24-cü tur onların liderliyi ələ keçirməsi ilə nəticələ bilər. Komandalar ehtiyatlı oyuna üstünlük verəcəklər. Heç kim risk etmək istəməyəcək. Bu oyunda da heç-heçə proqnozladırıram.
Qarabağ – Qəbələ
Mən bu klubların kubokdakı oyununa baxmışdım. “Qəbələ” həmin oyunda pis görünmürdü. Komanda yaxşı oyun sərgiləyir. Amma sanki futbolçular öz güclərinə inanmırlar. Buna görə də qələbəni əldən verdilər. Digər tərəfdən ağdamlıların da çox inamlı təsir bağışladığını qeyd etmək lazımdı. “Qarabağ”ın qələbə qazanmaq şansları daha çoxdu. Lakin bu, çox çətin olacaq. Çünki Kamanan, Dodo, Mendi hazırda çox yaxşı formadadılar.
Xəzər Lənkəran – Bakı
“Xəzər Lənkəran”da baş məşqçi dəyişikliyi olub. Belə dəyişikliklər isə adətən komandanın oyununa, nəticəsinə təsirsiz ötüşmür. Yunis Hüseynova yeni işində uğurlar arzulayıram. Əminəm ki, Lənkəran klubunun rəhbərliyi bu qərarına peşman olmayacaq. “Xəzər Lənkəran” “Bakı”ya qalib gələcək.
Kəpəz – Sumqayıt
“Neftçi”yə məğlubiyyətə baxmayaraq, gəncəlilər pis görünmürdülər. Fuad İsmayılovun qayıdışından sonra bölgə təmsilçisi yenə yaxşı oyun sərgiləməyə başlayıb. “Sumqayıt” isə demək olar ki, heç nə ilə yadda qalmır. Bu komandanın birinci dövrədəki əzmkarlığından, mübarizliyindən əsər-əlamət qalmayıb. Amma onlar unutmamalıdılar ki, “Turan” da artırıb və turnir cədvəlində onları qabaqlaya bilər. Fikrimcə, “Kəpəz” qələbə qazanacaq.
Rəvan – AZAL
“Rəvan”ın bu mövsüm sərgilədiyi oyun xoşuma gəlir. AZAL ilk altılığa düşə bilmədiyi üçün artıq tam gücü ilə oynamır. Hər iki komandanın qələbə şansları bərabərdi. Heç-heçə olacağını düşünürəm.
