18 mart 2012 00:46
Futbolçunun ürəyi dayandı, matç yarıda qaldı
Xəbər verdiyimiz kimi, ötən gün futbol üzrə İngiltərə Federasiya kubokunda altıncı mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk gündə baş tutan iki oyundan biri “Tottenham” – “Bolton” matçı şok olay səbəbi ilə yarıda dayandırılıb.
Buna səbəb “Bolton”un futbolçusu Muambanın ürəyinin dayanması olub. Belə ki, ilk hissənin son dəqiqələrində qonaqların oyunçusunun qəlbi durunca, bütün stadion təlaşa düşüb. Həkimlərin ilk yardımı meydanda olub. Daha sonra futbolçunu dərhal xəstəxanaya götürüblər.
Həmin dəqiqələrdə isə hər iki komandanın azarkeşləri Muambanın şərəfinə şüarlar səsləndiriblər. Onun komanda yoldaşı Tuncay Şanlı da meydanda oyundaşına dua edənlər arasında olub.
Xəstəxanadan verilən son məlumatlara görə, Muambanın sağlıq durumu artıq qaydasındadı və həyati təhlükəsi yoxdu. Hələlik onun yaşıl meydanlara nə vaxt qayıdacağı bilinmir.
Bu şok olay səbəbindən “Tottenham” – “Bolton” matçı da başa çatmayıb. Qarşılıqlı razılıq əsasında klublar oyunun başqa vaxt davam etdirilməsinə qərar veriblər. Amma bunun nə vaxt gerçəkləşəcəyi hələlik dəqiq deyil.
