20 mart 2012 13:05
“Uğursuz nəticələrə görə komanda cəzalanacaq”
“Sumqayıt” Futbol Klubu Premyer Liqanın 24-cü turu çərçivəsində səfərdə “Kəpəz”ə 1:4 hesabı ilə məğlub oldu. Beləliklə, elitanın debütantı ölkə çempionatında 6 oyundu qələbə qazana bilmir. Azerisport.az xəbər verir ki, “Sumqayıt” FK-nın prezidenti Kamran Quliyev komandanın son vaxtlar uğursuz çıxışı ilə bağlı klubun rəsmi saytına müsahibə verib.
- “Sumqayıt” Premyer Liqanın ikinci mərhələsinə olduqca uğursuz başlayıb. Komanda son altı görüşdə məğlubiyyətlə üzləşib. Uğursuzluğun əsas səbəbini nədə görürsünüz?
- Bəli, “Sumqayıt” Futbol Klubu Premyer Liqanın ikinci mərhələsinə uğursuz başlayıb. Komandanın sabit oyun nümayiş etdirməkdə çətinlik çəkdiyi açıq-aşkar görünür. Bu da gənclərə xas olan xüsusiyyətdir. Digər tərəfdən, oynadığımız son üç qarşılaşmada sanki bəxt bizdən üz döndərmişdi. AZAL-a məğlub olduğumuz görüşdə komanda kifayət qədər qol epizodundan yararlana bilmədi. Buraxdığımız qollarda təcrübəsizlik nəzərə çarpırdı. “Rəvan”la qarşılaşmanın ikinci hissəsində rəqibdən üstün oyun nümayiş etdirdik. Görüşün 70-ci dəqiqəsində penalti zərbəsindən yararlana bilmədik. Son dəqiqə qolu ilə də məğlub olduq. “Kəpəz”lə qarşılaşmada da komanda 70 dəqiqə hücumda oynadı. Yalnız müdafiə xəttində buraxdığımız kobud səhvlər məğlub olmağımıza yol açdı. Gəncədə baş tutan oyunda birinci hissənin son dəqiqələrində futbolçularımız iki real qol vəziyyətindən yararlana bilmədilər. Hücum xəttində problem yaşayırıq. Hazırda ölkədə Azərbaycan pasportu daşıyan hücumçu olduqca azadır. “Sumqayıt” yalnız Azərbaycan vətəndaşlarından qurulub. Əcnəbi futbolçu dəvət etmədiyimiz üçün seçimimiz olduqca məhduddur.
- Bəlkə, komanda qışda hazırlıq prosesini düzgün keçməyib?
- Mən belə düşünmürəm. “Sumqayıt” Futbol Klubu Premyer Liqanın ikinci mərhələsi üçün Antalyada təlim-məşq toplanışı keçdi. Futbolçuların fiziki hazırlığını yüksəltmək üçün hətta komandaya əcnəbi mütəxəssis də dəvət etmişdik. Yenə deyirəm, uğursuzluğun əsas səbəbi komandanın gənclərdən qurulmasıdır. Heyət üzvlərinin əksəriyyəti ilk dəfədir Premyer Liqada oynayır. Gənclərin uzun marafonda sabit oyun nümyiş etdirmələri bir qədər çətindir. Son nəticələr həqiqətən ürəkaçan deyil. Premyer Liqanın ilk mərhələsində 13 qol vurub qapımızdan 23 top buraxmışdıq. Son altı qarşılaşmada isə 4 qol vurub, qapımızda 19 qol görmüşük. Hücum xətti ilə yanaşı, komandanın müdafiə xətti də inamsız oynayır.
- Son zamanlar bəzi informasiya vasitələrində sizin klubun baş məşqçisi Bernard Raabla problem yaşadığınız söylənilir...
- Ötən həftə bir qəzetdə bu barədə məlumat oxudum. Açığı, çox təəccübləndim. Bizim baş məşqçi Bernard Raab və onun işlədiyi məşqçi korpusu ilə heç bir problemimiz yoxdu. Son zamanlar futbolda uğursuz nəticələrə görə məşqçi dəyişikliklərinin tez-tez şahidi oluruq. Bu tendensiya bizim siyasətimizə ziddi. Planlarımızın gerçəkləşməsi üçün zamana ehtiyacımız var. Biz "Sumqayıt" Futbol Klubu olaraq Bernard Raaba inanırıq və onu dəstəkləyirik. Qeydə alınan nəticələr heç kimi sevindirə bilməz. Ən böyük problemlərimizdən biri də futbolçuların tez ruhdan düşmələridi. Hazırda çatışmazlıqları aradan qaldırmağa çalışırıq.
- “Kəpəz”ə məğlubiyyətdən sonra futbolçular və məşqçilər korpusu ilə söhbətiniz olubmu? Uğursuzluğa görə futbolçulara hər hansı cəza veriləckmi?
- “Sumqayıt” Futbol Klubunun rəhbərliyi mövsümün əvvəlindən nəticədən asılı olmayaraq, hər oyundan sonra futbolçular və məşqçi heyəti ilə görüş keçirir. Görüşdə bütün məsələlər müzakirə olunur. “Kəpəz”lə qarşılaşmadan sonra da komanda heyəti ilə iclas keçirdik. İradlarımı onlara bildirdim. Biz milli komandalar və icarədə olan futbolçuların klubları qarşısında məsuliyyət daşıyırıq. Oyunçularımızın tək futbolçu keyfiyyətlərinə yox, həmçinin insani keyfiyyətlərinə də önəm veririk. İstəyirik ki, bütün komanda məsuliyyəti dərk edsin. Bəli, uğursuz nəticələrə görə komanda cəzalanacaq. Bu klubun daxili işi olduğu üçün ətraflı məlumat vermək istəmirəm.
- “Sumqayıt”ı qarşıda “Simurq” və “Turan”la çətin sınaq gözləyir. Bu oyunlar barəsində nə deyə bilərsiniz?
- Bundan sonra hər qarşılaşma bizim üçün final oyunu kimi vacibdir. “Simurq” və “Turan” üzərində qələbə qazanıb son pillədən qurtulmaq istəyirik. Artıq havalar mülayimləşib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyü qışdakı vəziyyətə nisbətən düzəlib. Bu səbəbdən bundan sonra ev oyunlarımızı Sumqayıtda keçirməyi planlaşdırırıq. Fürsətdən istifadə edib, bütün azarkeşlərimizi bu çətin vəziyyətdə bizə dəstək olmağa çağırırıq.
