28 mart 2012 00:07
Azərbaycanın dörd ən güclüsü müəyyənləşir
Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, yarımfinala vəsiqə uğrunda mübarizə aparan 8 klub ən güclü dördlüyü müəyyənləşdirəcək.
Qeyd edək ki, dörd qarşılaşma arasında yalnız birində növbəti mərhələyə hansı komandanın adlayacağı böyük ölçüdə məlumdu. Bu, son ölkə çempionu “Neftçi”di. Məlum olduğu kimi, bu komandalar arasında diqqətçəkən dərəcədə fərq var. Məsələ burasındadı ki, son ölkə çempionu olan paytaxt klubu hazırda da turnir cədvəlinə inamla başçılıq edir. “Kəpəz” isə ikinci altılıqda elitada qalmaq üçün yarışır. Bu azmış kimi, Gəncədə baş tutan ilk oyunda da məhz bakılılar qələbə qazanmışdılar - 2:1.
Düzdü, bu, futboldu və bölgə təmsilçisinin sensasiyaya imza atması istisna deyil. Lakin cavab görüşünün doğma meydanda keçirilməsi “Neftçi”yə əlavə üstünlük qazandırır və Böyükağa Hacıyevin komandasının belə bir üstünlüyü əldən verəcəyi inandırıcı görünmür.
Yeri gəlmişkən xatırladaq ki, 6-cı dəfə güclünü müəyyənləşdirməli olan komandalar kubokda 11-ci matçda üz-üzə gələcəklər. Əvvəlki oyunlarda da üstünlük paytaxt klubunun tərəfindədi. “Kəpəz” yarımfinallarda, “Neftçi” isə buna qədərki mərhələlərdə rəqibini mübarizədən kənarlaşdırır. Üstəlik son 4 matçda “Neftçi” qalib gəlib. Elə bu dəfə də fərqli nəsə olacağı inandırıcı görünmür.
Son 4 görüşdə rəqibinə qalib gələn “Neftçi” “Kəpəz”lə 11-ci qarşılaşmada da favoritdi. Gəncəlilər ardıcıl 4 dəfə uduzduğu rəqibini sonuncu dəfə 12 il əvvəl üstələyə bilib. Topların fərqində də bakılılar öndədilər - 13:9.
Tərəflərin indiyəqədərki kubok oyunlarının siyahısına gəlincə, həmin görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
1995/96 1/4 final Kəpəz (Gəncə) -Neftçi (Bakı) 1:0, 0:2
1997/98 1/2 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:2, 1:2
1999/2000 1/2 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:0, 0:0
2000/01 1/4 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:0, 3:1
2010/11 1/8 final Gəncə - Neftçi (Bakı) 1:3
2011/12 1/4 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:2
1997/98 1/2 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:2, 1:2
1999/2000 1/2 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:0, 0:0
2000/01 1/4 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:0, 3:1
2010/11 1/8 final Gəncə - Neftçi (Bakı) 1:3
2011/12 1/4 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:2
Cavab oyunu ərəfəsində üstünlük qazanan komandalardan biri də “Bakı”dı. Premyer Liqada işləri o qədər də qaydasında getməyən “zolaqlılar” AZAL-la mübarizənin ilk səhnəsində uğurlu “repertuar”la yadda qaldı. Belə ki, Aleksandr Starkovun gedişindən sonra Novruz Əzimova tapşırılan paytaxtın eyni adlı klubu rəqibini derbidə 3:1 hesabıyla məğlub etdi. Bu üzdən də “Bakı”ya səfərdə nəinki istənilən hesablı heç-heçə, hətta 0:1, 1:2 hesablı məğlubiyyətlər də növbəti mərhələyə adlamaq üçün sərf edəcək. Yeri gəlmişkən, ilk altılıqda mübarizə aparsa da, iddialılar arasında autsayderə çevrilən “zolaqlılar”ın əsas ümidi də məhz kuboku qazanmaqla avrokuboklara qatılmağadı. Əks halda hər şey əldən çıxa bilər.
“Təyyarəçilər”də də vəziyyət demək olar ki, oxşardı. Bu komanda nəinki medallar uğrunda mübarizə aparır, heç ilk altılıqda da deyil. “Bakı”dan fərqli autsayderlər arasında favorit olan AZAL-ın da Avropa Liqasına vəsiqə qazanmaq üçün yeganə şansı kubokla bağlıdı. Amma bunun üçün ilk növbədə “Bakı” səddini keçmək lazımdı. Rəqib komandanın kifayət qədər qeyri-sabit oyun sərgiləməsi “təyyarəçilər”in şanslarını artıran amillərdəndi. Şüvəlanlılara mərhələ keçmək üçün ya 2 cavabsız qolla qalib gəlməsi lazımdı, ya da 3 top fərqli digər hesablı qələbələr.
Tarixə nəzər saldıqda isə görərik ki, AZAL “Bakı” ilə keçirəcəyi 4-cü paytaxt derbisinə qədər qələbə həsrətindədi. Səfərdəki görüşlərdə 3 qol buraxıb uduzan “təyyarəçilər” öz meydanlarında ilk üçün çalışacaqlar. Topların fərqində də rəqib öndədi - 1:6. Konkret mövsümə gəlincə, 2005/06 mövsümünün 1/8 finalında “Olimpik” adlanan indiki AZAL evdə qolsuz heç-heçəyə razılaşmış, cavab görüşündə isə 3 cavabsız qolla uduzmuşdu.
Maraqlı qarşılaşmalardan biri Quzanlıda keçiriləcək. Burda "Qarabağ" cari mövsümdə onlara əsl başağrısına çevrilmiş "Qəbələ"ni qəbul edəcək. Azərbaycan kubokunda ilk dəfə cari mövsümdə üz-üzə gələn rəqiblərin Qəbələdəki görüşü məhsuldarlığı ilə diqqət çəkmişdi – 2:2. Bu oyunda isə hər 2 komanda duellərdə ilk qələbənin müəllifi olmaq əzmindədi.
Maraq üçün bildirək ki, cari mövsüm bu komandaların artıq 4 görüşü baş tutub. Avqustun 27-də baş tutan ilk görüşdə Mendinin vurduğu qolla qalib gələn qəbələlilər həm səfərdə ilk dəfə “Qarabağ”ı məğlub etdilər, həm də “Qarabağ” mövsümdə ilk məğlubiyyətini aldı. Növbəti 3 görüş isə sülhlə yekunlaşıb. Təsnifat mərhələsinin cavab görüşü qolsuz yekunlaşdı. Bu ay martın 14-ü və 18-də fərqli meydanlarda və fərqli turnirlərdə tərəflər yenə qələbəyə həsrət qaldı. Maraqlıdı ki, hər 2 oyunda “Qarabağ” hesabda geri olsa da, son dəqiqədə vurduğu qollar bərabərlik gətirib - 2:2 və 1:1.
Ümumiyyətlə, “Qəbələ” cari mövsüm eyni zamanda “Qarabağ”ın daha bir seriyasına son qoyub. Belə ki, 2011-ci ilin dekabrın 21-də baş tutan oyunda “Qəbələ”ylə oyunda qeydə alınmış qolsuzluqdan sonra ağdamlılar ardıcıl 5 oyunda qələbə qazanaraq mövsümün ən yaxşı seriyasını “tutdu”. Amma “Qəbələ”dən sonra başlayan seriya “Qəbələ”ylə oyunda başa çatdı. Bu dəfə isə ağdamlılar “Qəbələ” sindromuna son qoymaq haqda düşünmək məcburiyyətindədilər.
Nəhayət, kubokun daha bir maraqlı qarşıdurması Lənkəranda baş tutacaq. Burda “Xəzər Lənkəran"la "İnter" üz-üzə gələcək. 8-ci dəfə kubokda üz-üzə gələn rəqiblərin duelində qonaqlar şəxsi görüşlərin nisbətində tarazlıq yaratmağa, meydan sahibləri isə fərqi artırmağa çalışacaqlar. Yarımfinalçının adı da məhz kimin arzusunu reallaşdıracağından asılıdı. Lakin bakılılar mərhələ adlamaq üçün heç-heçə ilə də kifayətlənə bilərlər.
2004/05 1/2 final İnter (Bakı) - Xəzər-Lənkəran 2:1, 1:1
2006/07 1/2 final İnter (Bakı) - Xəzər-Lənkəran 0:1, 0:1
2007/08 final Xəzər-Lənkəran - İnter (Bakı) 2:0, əlavə vaxtda
2010/11 final Xəzər Lənkəran - İnter (Bakı) 1:1, pen. 4:2
2011/12 1/4 final İnter (Bakı) - Xəzər-Lənkəran 3:2
2006/07 1/2 final İnter (Bakı) - Xəzər-Lənkəran 0:1, 0:1
2007/08 final Xəzər-Lənkəran - İnter (Bakı) 2:0, əlavə vaxtda
2010/11 final Xəzər Lənkəran - İnter (Bakı) 1:1, pen. 4:2
2011/12 1/4 final İnter (Bakı) - Xəzər-Lənkəran 3:2
Azərbaycan kuboku
1/4 final (cavab oyunları)
28 mart
Qarabağ - Qəbələ (ilk oyun – 2:2)
Quzanlı qəsəbə stadionu. Saat 15:00
AZAL – Bakı (1:3)
AZAL Arena. Saat 16:00
Neftçi - Kəpəz (2:1)
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 16:00
Xəzər Lənkəran – İnter (2:3)
Lənkəran şəhər stadionu. Saat 18:00
