28 mart 2012 02:05
İngiltərə kuboku: Son iki xoşbəxt də məlum oldu
Futbol üzrə İngiltərə Federasiya kubokunda altıncı mərhələnin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu mərhələnin oyunları bir görüşdən ibarət idi.
Lakin qaydalara görə, hansısa oyunda 90 dəqiqədə qalibi müəyyən etmək mümkün olmadıqda, təkrar oyunlar keçirilir.
“Everton” və “Sunderland” məhz ilk oyunda sülh bağladığından (1:1), bu dəfə ikincilərin meydanında təkrar oyun keçirilib. Maraqlıdı ki, “Everton” doğma divarlar arasında qazana bilmədiyi qələbəni səfərdə rəsmiləşdirməklə, növbəti mərhələyə adlayıb.
“Tottenham” – “Bolton” görüşü isə fərqli səbəblərdən yenidən oynanıldı. Məlum olduğu kimi, bu görüş hesab 1:1 olarkən ilk yarının sonlarından yarımçıq dayandırılmışdı. Buna “Bolton”un futbolçusu Muambanın qəlbinin dayanması səbəb olmuşdu. Lakin ötən gün baş tutan təkrar oyunda meydan sahibləri qələbə qazanmaqla, yarımfinala çıxıblar.
Xatırladaq ki, bu mərhələnin digər oyunlarında “Chelsea” “Leicester City”, “Liverpool” isə “Stoke City” üzərində qələb qazanmaqla mərhələ adlamışdı.
İngiltərə Federasiya kuboku
6-cı mərhələ
27 mart
Tottenham – Bolton – 3:1
Sunderland – Everton – 0:2
Beləliklə, kubokun yarımfinalında aşağıdakı komandalar qarşılaşacaqlar:
14 aprel
Liverpool – Everton
15 aprel
Tottenham - Chelsea
