28 mart 2012 18:04
Qurban Qurbanov: İnanıram ki, azarkeşlər bu matçdan zövq aldılar
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutmuş “Qəbələ” ilə görüşü şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı matçdan sonra bunları dilə gətirib:
“Oyunda qol olmasa da, inanıram ki, azarkeşlər bu matçdan zövq aldılar. Çox gərgin keçən oyun oldu. Bu da onu göstərir ki, futbolumuzun səviyyəsi get-gedə yüksəlir. Meydançanın durumu yaxşı olsaydı, oyunun sürəti və keyfiyyəti daha yüksək olardı. “Qəbələ”nin necə oynadığını yaxşı təhlil etmişdik. Onların hücum xəttinin güclü olduğunu, standart vəziyyətlərdən necə oynadığını yaxşı bilirdik. Bütün futbolçularımız səhvsiz oynamaqla rəqibin hücumlarının qarşısını aldılar”.
