28 mart 2012 20:37
“Yarımfinala çıxdığımız üçün sevinməyə dəyməz”
“Bakı”nın məşqçisi Novruz Əzimov futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutmuş AZAL-la görüşü şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı matçdan sonra bunları dilə gətirib:
“Oyuna yaxşı başladıq, hətta erkən qol da vurduq. Birinci hissədəki çıxışımızdan razı qaldım. İkinci hissədə isə zəif oynadıq. Halbuki, fasilədə uşaqlara arxayınlaşmamağı tapşırmışdım. Yarımfinala çıxdıq. Amma buna sevinməyə dəymir. Çünki komanda hələ heç nəyə nail olmayıb. İndi bizi “Qarabağ”la yarımfinal oyunları gözləyir. Onlara bu mövsüm üç dəfə uduzmuşuq. Artıq bu dəfə biz onları məğlub etməliyik”.
