30 mart 2012 12:11
Galatasarayın prezidenti Azərbaycan futboluna söz atdı
Türkiyənin “Galatasaray” klubunun prezidenti Ünal Aysal ölkənin baş naziri Recep Tayyib Erdoğanın bu günlərdə klublarla bağlı səsləndirdiyi bir fikrə münasibət bildirib. Azerisport.az xəbər verir ki, Erdoğan danışılmış oyunlara görə türk klublarının avrokuboklardan uzaqlaşdırılmasının mümkünlüyü ilə bağlı danışarkən bunları dilə gətirmişdi:
“Bir vaxtlar İngiltərədə klubları da beş il Avropada oynamamışdılar. Onlar oz aralarında matçlar keçirdilər, sonra da Avropaya çıxdılar. İngiltərə futboluna isə bir şey olmadı”.
Ünal Aysal isə türk klublarına mümkün cəzanın verilməsinin təhlükəli olduğunu söyləyib. O, bu zaman hətta Azərbaycan futboluna da “ilişib”: “Sadəcə “Galatasaray” 5 il avrokuboklardan uzaq qalacağı halda, 200 milyon avro ziyanımız olacaq. Çempionlar Liqasına qatılmamağımızın iqtisadi baxımdan nə qədər təhlükəli olduğunu anlamaq lazımdı.Eyni zamanda Türkiyə futbolunun imicinə də böyük zərbə dəymiş olacaq. Ölkə sıralaması baxımından reytinqdə çox geriləmiş olacağıq. Avrokuboklara 5 il ara vermək Azərbaycanın gerisinə düşmək anlamına gəlir”.
Ünal Aysal Türkiyə futbolunun Avropadan çəkiləcəyi təqdirdə, may ayında klub prezidentliyindən istefa verəcəyini açıqlayıb.
